Tərlan Əhmədov mövsümü «Kəpəz»də başa vurmaq yolunda ilk addımı atdı.
Dramatik oyunda «Şamaxı»ya 3:2 hesabıyla qalib gəldilər.
Ondan bu iki turda minimum 4 xal tələb olunub. üçü artıq cibdədir. Sumqayıt səfərindən də xalla dönsələr, təhlükə sovuşmuş sayılacaq.
«Kəpəz» ən çətin şərtlər altında mübarizə aparır. Yerlərdə sürünməyə layiq futbol sərgiləmirlər. Tərlan Əhmədov bu komandaya baxımlılıq gətirib.
Rəqibdən, onun adından çəkinmirlər.
10 tur sonra gələn bu qələbəylə turnir cədvəlinin «zirzəmi»si ilə, heç olmasa, bir turluq vidalaşan «Kəpəz»ə indi ən çox, bilirsiz, nə lazımdır? Tərlan Əhmədovun sakitliyə riayət etməsi.
O, mətbuat konfransında çox şey danışır. Ağına, bozuna baxmadan. Nə fikirləşirsə, onu da dilinə gətirir. Və bu, qətiyyən birmənalı qarşılanmır. Açıqlamaları qıcıq doğurur, söylədikləri də sonra özünə qarşı çevrilir. Qalır çabalaya-çabalaya.
İlqar Nadiri? Xeyir,
İdarə Heyətinin sədrinin baş məşqçinin danışdıqlarına sərhəd qoymağa, çəki-düzən verməyə gücü çatmır. Sözünün kəsəri yoxdur.
Bu, onu narahat da eləmir.
AFFA-nın ovaxtkı icraçı vitse-prezidenti Elxan Məmmədov bu gənc biznesmenə şəxsi tanışlıq münasibətlərinə görə «Kəpəz»də yüksək vəzifə tapşırıb.
Nadiri sırf havayı pul qazanmaqda bacarıqlıdır. Oturduğu yerdə ayına 10-12 min manat əldə edir, klub isə öncəki illərdə topladığı imici sürətlə əldən verməkdədir.
ELNUR

