Premyer Liqanın 23-cü turu çərçivəsində “Kəpəz” doğma meydanda “Şamaxı”nı qəbul edib – 3:2.
Oyunun iş gününə və iş saatlarına təsadüf etməsinə baxmayaraq, xeyli sayda azarkeş Gəncə şəhər stadionuna təşrif buyurub.
Meydan sahiblərini dəstəkləyənlər təkcə tribunadakı kişilər deyil. “Kəpəz”in qələbəsini arzulayanlar arasında iki qadına da rast gəlmək mümkündür.
Onlar stadionun xadimələridir. Biri şəhid anası olan iki qadın meydandan paltardəyişmə otaqlarına aparan dəhlizdə dayanıb böyük həvəslə oyunda yaşananları izləyib.
Fasilə ərəfəsində polislər qadınlardan ərazini boşaltmağı xahiş etsə də, xanımlardan biri futbola baxdıqlarını, başqa heç nə etmədiklərini bildirməklə yadda qalıb.
Maraq üçün bildirək ki, şəhid qardaşımızın anası ilə yanaşı, atası da stadionda çalışır.
HƏBİB / SPORTİNFO.AZ

