"Kəpəz" 10 oyundu qələbə üzünə həsrətdir. Buna bənzər, bundan faciəli qrafik yaşayan Premyer Liqa klubları yox deyil.
Amma nədənsə Gəncə təmsilçisində məsəllərə tam fərqli yanaşırlar. Bu komanda uğurlu olanda da yerli publika nəsə tapır, nəsə müzakirə edir.
Klub ətrafında yaradılan mənfi ab-hava isə sözsüz ki, birbaşa futbolçulara təsir edir. Nə edəcəklərini bilmirlər.
Stress, qorxu yaşayırlar. Yaşar Vahabzadə getdi, Tərlan Əhmədov gəldi. Dəyişən ciddi nəsə varmı? Təbii ki, yox! Komanda onda da sonuncu pillədə idi, indi də.
Sirr deyil ki, Gəncədə futbolunun inkişafını bir kənara atıb şəxsi maraqlarına xidmət edən bir neçə "cəbhə" var. Bir tərəf söz yiyəsi olanda, klubda çalışanda digər tərəf onun ayağında dartır.
Gələn baş məşqçi nə qədər çətin olsa da orta xətti tutmağa məhkumdur. Tərlan Əhmədov isə nəinki orta xətti tutdu, əksinə, yeni "xətt" çəkdi.
İddialar var ki, sosial şəbəkələrdə onu gecə-gündüz müdafiə edən, rəhbərliyi isə tənqid atəşinə tutan bir neçə fanat onun adamlarıdır. Olan kimə olur? Əbəttə, Gəncə futboluna.
İndi də Əhmədovun istefası gündəmdədir. Son oyunlar baş məşqçiyə bu yöndə çağrışlar artmaqdadır. Gəncəli fanatlar bu istəyə düşübsə, onları kimsə məqsədindən döndər bilməz. Sadəcə, geci-tezi var.
Çox çəkməz, Tərlan Əhmədov da "Kəpəz"dən ayrılar.Yeni namizədlər isə qapıdadır. Amma bununla problemlər öz həllini tapacaqmı? Yeni gələn baş məşqçi ilə yerli publika yola gedəcəkmi?
Əmin deyiləm. Bu gün klubdan iş ala bilmədiyi üçün rəhbərliyi, baş məşqçini qaralayan, sabah yenə edəcək. Bu gün stabil nəticələrə üçün səbr etməyənlər sabah yenə iradəsizlik göstərəcəklər.
Məncə, bu kimi ciddi problemlər öz həllini tapmayınca başqa bölgələrdən "Kəpəz"ə peşəkar baş məşqçi göndərməyin bir mənası yoxdur.
Elə iş, vəzifə davası edən yerli veteranlar karusel sistemi ilə baş məşqçi postunu əvəz eləsə daha məsləhətlidir...
XANOĞLAN İMANOV

