«Kəpəz» mövsümün qalan hissəsinə Tərlan Əhmədovla davam edəcək.
Altı aya yaxındır burada çalışan baş məşqçinin məsələsinə dünən aydınlıq gəlib.
Klubdadaxili iclas bir neçə saat çəkib və gərgin müzakirələr şəraitində keçib. Əhmədov Premyer Liqanın növbəti 2 turunda «Sumqayıt» və «Şamaxı»ya qalib gələcəklərini vəd eləyib.
Gəncə təmsilçisinin qələbəsiz oyunlar seriyası 10-a çatıb. İdarə Heyətinin sədri İlqar Nadiri saytımıza müsahibəsində bildirib ki, onlar derbidə «Turan Tovuz»a 0:2 hesablı məğlubiyyətə görə baş məşqçini dəiyşən deyillər:
«Bir oyuna görə nəsə demək, qərar vermək düzgün olmaz. Baş məşqçini və futbolçuları gətirmişiksə, onlara inanırıq.».
İ.Nadirinin bu açıqlaması, əslində, qeyri-səmimidir. Əhmədovun iş yerindən ayrılmasını istəyənlərin başında məhz o gəlir. Çünki hazırkı baş məşqçi onun seçimi deyil.
Əhmədov «Kəpəz»ə göstərişlə təyinat alıb.
Milli Məclisin deputatlarından birinin bu məqsədlə AFFA-nın Gəncə futbolu üzrə kuratoru İsgəndər Cavadov və şəhərin icra başçısı Niyazi Bayramova telefon açması hər kəsə məlumdur.
Millət vəkilinin hörmətli zat olmasını nəzərə alan səlahiyyətli şəxslər bu tapşırığı geri çevirməyib.
Bilirik ki, İlqar Nadiri rəhbər fiqurlarla keçirdiyi iclaslarda dəfələrlə Tərlan Əhmədovun əleyhinə fikirlər söyləyib.
Təfərrüata varmadan deyək ki, sədrə yaxın insanlar hələ iki həftə öncə bir sıra yerli məşqçiylə təmas qurub, onlardan Gəncədə işləməyi istəyib-istəmədikləri soruşulub.
Həmin mütəxəssislərdən ikisi əməkdaşımızla qeyri-rəsmi söhbətində etiraf edib ki, həqiqətən belə bir zəng alıblar. Hələlik təklif göndərilən çalışdırıcılardan heç biri bu çağırışa ikiəlli razı olmayıb. «gözləyin» cavabı verib.
İlqar Nadiri bu gəlişmələrdən hələ-həlbət xəbəri var. O adamların nə həddidir ki, sədrlə danışmadan, məsləhətləşmədən məşqçilərlə əlaqə yaratsın?
Xəbərdardır, xeyir-duanı da özü verib. nadiri sağ göstərib, sol vurmağı bacarmasaydı, yəqin ki, dövlətin «Kəpəz»ə ayırdığı vəsait hesabına özünə 12 min manat əməkhaqqı yazacaq qədər hünərli olmazdı.
Nadiri Əhmədovun arxasında dayanan deputatın çəkisindən çəkinir. Bütün işləri pərdəarxası görməsi bundan irəli gəlir.
Yalnız ondanmı ehtiyatlanır? Əsla! Əhmədovun özü də sədrə təhlükə saçır.
Baş məşqçi istər komanda üzvləriylə, istərsə də yaxın çevrəsiylə söhbətlərdə dəfələrlə iddia edib ki, onda İlqar Nadirinin əleyhinə işləyəcək kompramatlar var və əgər onlardan birini açıqlasa, «Kəpəz» ətrafında tufan qopacaq, sədr, həmçinin onunla həifikir olanlar «çörəksiz qalacaq».
Onadək olan dövrdə klubda bir çox hadisələrin baş verdiyini söyləyən Əhmədov qeyd edib ki, İlqar Nadiri şəxsi çıxarlarını hər şeydən üstün tutur və bununla bağlı faktlara malikdir.
«Arxamda nazir və deputat dayanıb» ifadəsini işlədən çalışdırıcı əmin-arxayın deyib ki, onu tutduğu vəzifədən heç kim kənarlaşdıra bilməz.
Görünür, Tərlan Əhmədovun bu iddiası heç də əsassız deyil. O, əlindəki bilgilərə güvənməsəydi, komandayla bağlı bir çox məsələlərdə ayağını yerə belə bərk basmazdı.
«Kəpəz» Premyer Liqanın son 10 turunda qələbə qazanmayıb, bununla belə, İlqar Nadiri onunla əlaqəli tədbir görməyə tələsmir.
Halbuki normal məntiqlə fikirləşsək. İndi bunun əksi olmalıydı.
Əgər bu, dünənədək olmayıbsa və bu gün də olmursa, deməli…
SPORTİNFO.AZ

