“Qarabağ”la oyundan sonra “Kəpəz”in futbolçularından açıqlama almaq müşkülə çevrilmişdi.
Son çempionla bərabərə qalan komandanın üzvləri media mənsubları ilə təmasa keçə bilməzdi.
Klubdan qadağa qoyulmuşdu. “Turan Tovuz”la matçdan əvvəl də eyni vəziyyət müşahidə olundu.
Əlaqə saxladığım klubun mətbuat katibi Azad Mustafayev futbolçuların jurnalistlərlə təmasına icazə verilmədiyini deyib, qərb derbisindən öncə oyunçulardan birinin açıqlamasının “Kəpəz”in sosial şəbəkə hesabında yerləşdiriləcəyini bildirdi.
Dünənə qədər necəydi?
Azad dostumuza müraciət edib istənilən futbolçudan müsahibə-açıqlama alırdıq.
Bəs, birdən-birə nə dəyişdi? Baş məşqçini, ya da rəsmiləri qıfıllama əməliyyatına əl atmağa kim məcbur etdi?
Fərid Nəbiyev.
Son 5 ili Çexiyada keçirmiş futbolçu “Qəbələ” ilə oyundan sonrakı açıqlama ilə həm klubun vəziyyətini ortaya qoymuşdu, həm də klubdakıların.
Fərid Avropalılığına salıb, bəndəniz və həmkarım Mehman Süleymanovla ayaqüstü söhbətdə Gəncədəki ot örtüyünün yararsız olduğunu aşkar şəkildə etiraf etmişdi:
“Razıyam, burada oynamaq çətindir. Qazon çox ağırdır. Məşqlərimizi də burada yox, süni örtükdə edirik. Bu məqamın özü də oyunumuza hansısa mənada təsir edir”.
Bu, Fərid adlı cavan oğlanın saflığının, insani keyfiyyətlərinin, mərdliyinin göstəricisi idi. Adam reallığın gözlərinə dik baxıb vəziyyəti olduğu kimi şərh etmişdi.
Hardan bilərdi ki, söylədikləri klubdakıların xoşuna gəlməyəcək? Ortaya biri çıxıb həmin açıqlamaya görə bütün komandaya mətbuata danışmaq qadağası qoyacaq.
Fərid Avropalılığını kənara qoyub Azərbaycan üslubunda danışmalıydı. Deməliydi ki, rəqiblərin nə deməsindən asılı olmayaraq, mənə görə Gəncədəki ot örtüyü ölkədə bir nömrədir. Deməliydi ki, gecə-gündüz otun üstündə məşq edirik, oyun günü də qazonu necə lazımdır təpikləyirik, heç ruhu da incimir.
Tərifləməliydi, hələ yeri gələndə ideal ot örtüyünə görə baş məşqçisi Tərlan Əhmədovla klubunun rəhbəri İlqar Nadiriyə təşəkkür etməliydi.
Amma o cür danışmamalıydı.
HƏBİB / SPORTİNFO.AZ

