Azərbaycan klubunda "bıçaq sümüyə dirənib" - Ya getməlidir, ya da getməlidir!

12 Fevral 2023 16:40 Kəpəz 1 652
Azərbaycan klubunda "bıçaq sümüyə dirənib" - Ya getməlidir, ya da getməlidir!

Artıq «Kəpəz»də gündəm birdir - istefa!

Gəncəli azarkeş yalnız bunu tələb edir və istəyir.

Klubun funksioner və məşqçi heyəti «12-ci oyunçu»nun gözündə öz etibarını tamamən itirib.

Dünən Tovuzda istefa şüarını səsləndirdilər. Derbidən döndülər, Gəncədə də aksiyanı davam etdirdilər.

Bitmədi, davamı olacaq. Ta İlqar Nadirinin İdarə Heyətinin sədri, Tərlan Əhmədovun baş məşqçi vəzifəsindən ayrıldığı dəqiqəyə kimi.

Gəncədə çalışmaq çətin məsələdir. Hər idarəçi və mütəxəssis burada dünyanın gərdişindən baş açmaz. Fanat ordusu Yaşar Vahabzadəni birinci gündən istefaya səslədi,

Tərlan Əhmədovu isə düz 5 ay gözlədilər. Bu müddətdə dinmədilər, dinəndə isə baş məşqçiyə və futbolçulara dəstək dayandılar.

İndi bütün bunların heç biri yoxdur, zamanın çarxı isə yenidən geri dönüb.

Tərlan Əhmədov bu təzyiqi nə «Neftçi»də görüb, nə də «Şamaxı»da. «Kəpəz» azarkeşi ondan üz döndərdisə, barışan deyil, basqını dayandırmayacaqlar.

Hazırkı baş məşqçinin bura hansı xətt və kanala, kimin vasitəsilə gəlməsi yerli publikanı maraqlandırmır. «Kəpəz»sevərləri komandanın oyunu da maraqlandırmır.

Azarkeş sadəcə və sadəcə, nəticə davası döyür, başqa heç nə onları sakitləşdirməyəcək.

Əhmədov gəncəlilərin nəticə həsrətini bitirəcək gücdə olmasını hələ isbat deyil. Qələbəsizlik seriyası 10-a çatıb, zarafat gəlməsin.

Premyer Liqada qalmaq mücadiləsi verən komandanın 10 tur uğur əldə etmədiyini görən fanat rəhbərliyin və baş məşqçinin istefasını tələb etməkdə tam haqlıdır.

Tərlan Əhmədov maydan tez vəzifəsindən ayrılmayacağını açıqlayıb. Bu açıqlama dirəniş silsiləsindəndir.

Havadarına çox arxayındır, fəqət, yadına salmaq istəmir ki. o, Gəncədə işləyir və Nizami yurdunu başqa yerlərlə səhv salmamalıdır.

Əhmədov daşdırsa, «Kəpəz» camiəsi qayadır, yaxşı olar ki, nə qədər gec deyil, özüylə Bakıdan gətirdiyi əşyaları toplasın, qaldı evi boşaltsın.

Gedişat ona Yaşar Vahabzadədən daha betər aqibət vədedir.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti