«Kəpəz»in veteran futbolçuları bir qrup klub əməkdaşı və azarkeşlərlə birgə toplantı keçirib.
Qapalı məkanda təşkil olunan yığıncaqda Gəncə təmsilçisinin mövcud durumu, idarəçiliyi və nəticələri geniş müzakirə olunub.
Onlar şəhərin icra başçısı Niyazi Bayramova məktub hazırlayıb.
Narazı kəsim İlqar Nadirinin «Kəpəz»in İdarə Heyətinin sədri postundan uzaqlaşdırılmasını tələb edir. Nizami yurdunda xırda biznesmen kimi tanınan Nadirinin «Kəpəz»i şəxsi maraqlarına qurban verməsi xüsusi vurğulanıb.
Belə ki, o, özünə 12 min maaş yazıb və vəzifədə qalmaq naminə klubun çətin vəziyyətə düşməsinə səbəbkardır.
Veteranlar və fanatlar sədr vəzifəsinə Mehman Allahverdiyevin gətirilməsinə köməklik göstərməsini icra başçısından xahiş eləyib.
Həmçinin Tərlan Əhmədovun baş məşqçi postundan uzaqlaşdırılması üçün Niyazi Bayramovdan dəstək istənilib.
İş ondadır ki, 4 ay öncə görəvə gələn çalışdırıcı müxtəlif deputatların adını çəkərək, gəncəli futbolsevərlərə «gözdağı» verib.
Şikayətçilər Etibar İbrahimovun yenidən komandanın sükanı arxasına qaytarılması fikrini dəstəkləyib.
SPORTİNFO.AZ

