Azərbaycan Premyer Liqasında qərb derbisi 9 ildən sonra, nəhayət, ötən ilin sentyabrında geri qayıtdı.
Bu mövsümdən yüksək liqaya qayıdan “Turan Tovuz” və “Kəpəz” uzun çəkən ayrılığa Tovuzda son qoydular.
Böyük qayıdış meydan sahiblərinin inamlı qələbəsi ilə yadda qalmışdı – 2:0.
Sonrakı dövrdə tərəflər daha 3 dəfə üz-üzə gəliblər. Biri Premyer Liqada, digər iki matç ölkə kubokunda reallaşıb.
4 qarşılaşmanın heç birində Gəncə təmsilçisi qələbə nə olduğunu bilməyib.
İki görüş bərabərliklə bitibsə, digər matçlar Ayxan Abbasovun yetirmələrinin qələbəsi ilə yekunlaşıb.
Tərlan Əhmədovun başçılığı altında “Kəpəz” bu mövsüm üçüncü Tovuz səfərinə hazırlaşır.
İki gün sonra tərəflər bu mövsüm üçüncü dəfə Tovuzda üz-üzə gələcəklər. İlk iki cəhddən birində məğlubiyyət, digərində bərabərlik qeydə alınıb. Bəs, üçüncü cəhd necə olacaq?
Qış fasiləsindən sonra “Kəpəz” yaxşı oyunla yadda qalsa da, nəticələr barədə eyni fikiri irəli sürmək olmaz.
Düzdü, “Qarabağ” oyunlarda parlaq bərabərlik əldə olundu.
Amma əminliklə demək olar ki, ağdamlılardan qoparılan bir xalın sevincindən çox əvvəlki iki oyunda əldən çıxan qələbələrin acısı indi daha çox kollektiv üzvlərini incidir.
“Qəbələ”ni ilə oyunda 2:0-lıq üstünlüyün əldən çıxması, “Səbail”lə matçda çoxsaylı qaçırılın qol şanslarının ağrısı hələ uzun müddət çətin yaddan çıxası şeylər deyil.
Lakin bütün bunları fanatlara unutdurmaq üçün olan yollar da tükənməyib.
Bu tur rəqib “Turan”dısa, növbəti iki turda uyğun olaraq “Şamaxı” və “Sumqayıt”dı.
Heyət də, büdcə də imkan verir ki, hər üç qarşılaşmada qələbə üçün döyüşəsən. “Kəpəz” həm də turnir cədvəlində münasib mövqedə olmaq üçün buna məhkumdu.
Məsələn, “Qarabağ”la oyunda qazanılan bir xaldansa, qonşu pillələrdəki komandalar ilə görüşdəki qələbə daha əhəmiyyətlidir. Hətta bərabərlik də.
Əks halda, sonuncu yerin sahibi “Səbail”ə məğlub olub, lideri büdrətməyin heç bir mənası qalmayacaq.
XANOĞLAN İMANOV

