“Onun banka borcunun olub-olmamasının bizə aidiyyatı yoxdur”

4 Fevral 2023 17:10 Kəpəz 917
“Onun banka borcunun olub-olmamasının bizə aidiyyatı yoxdur”

"Kəpəz" Misli Premyer Liqasının 21-ci turunda doğma meydanda "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov sualları cavablandırıb:

- Maraqlı oyunun şahidi olduq. Bir komanda daha çox topa nəzarət edirdi. Biz də rəqibi ək-hücumlarda tutmaq istəyirdik. Komandamın intizamlı oyun göstərməsi məni sevindirir. Turnir cədvəlində layiq olduğumuz yerdə deyilik. Komandanın inkişaf etməsi, bu gün bir daha sübut olundu. Hər iki komanda bir xala layiq idi. Çalışırıq ki, mövqeyimizi düzəldək. Bir xal da xaldır. "Kəpəz" fanatları üçün sevinc oldu. Biz də onları sevindirdiyimiz üçün çox şadıq.

- "Qarabağ"dan xal alan üçüncü komanda oldunuz...
- Həyatda mümkünsüz heç nə yoxdur. Rəqibin oturuşmuş heyəti var, büdcə baxımından bizdən üstündürlər. Bu gün qazandığımız bir xal bizi qarşıdakı matçlara daha yaxşı motivasiya edəcək. 90 dəqiqə əzmkar, intizamlı oyunun bəhrəsi olaraq bir xal qazandıq.

- Sanki "Kəpəz" böyük komandalara qarşı daha yaxşı motivasiya olur. Bunun səbəbi nədir?
- Bir komandanın stabil oynaması üçün zaman lazımdır. Amma bizim vaxtımız azdır. Bəli, futbolçular bu cür matçlara özlərini daha yaxşı motivasiya edirlər. Amma ümumi götürsək, qışa kimi oyunumuzda inkişaf var idi. Yeni gələn futbolçular hələ komandaya tam uyğunlaşmayıb. Birdən-birə nəyisə dəyişmək olmur. Dünya futbolunda bu tendensiya var. İngiltərə kubokuna baxsaq, görərik ki, aşağı liqa klubları böyük klubları mübarizədən kənarlaşdırır.

- Hər zaman mediaya açıq olmusuz. Amma futbolçuların mətbuata danışmasına icazə vermirsiz. Bunun səbəbi nədir?
- Futbolçudan müsahibə almaq üçün klubun mətbuat xidmətinə müraciət etmək lazımdır.

- Bundan sonra Orxan Sadıqlını əsas heyətdə görəcəyik?
- Orxan xəstə olduğuna görə Antalyaya getməmişdi. Oyun praktikası az olduğu üçün onu bir müddət ehtiyatda saxladıq. Hər üç qapıçımız eyni səviyyədədir. Bizi qane edir. Əgər bir səhvə görə kimisə cəzalandırsaq, işimiz düz getməz. Heç bir qapıçını itirə bilmərik.

- Son əvəzetmələr nə ilə bağlı idi?
-
Bir neçə oyunçu yorğunluğa görə mövqeyində boşluq yaradırdı. Mətbuatda yazırlar ki, biz hər gün bu meydançada məşq edirik. Amma elə deyil. Yalnız matçdan bir gün öncə burada məşqə çıxırıq. Hər gün süni örtüklü meydanda məşqə çıxırıq. Ona görə də futbolçular burada oyuna çıxanda meydana öyrəşməkdə çətinlik çəkirlər. Əks-hücumda daha sürətli olmaq üçün bu dəyişiklikləri etdik.

- Orxan Sadıqlının banklara kredit borclarına görə Antalyaya aparılmadığı deyilir. Bu barədə nə deyə bilərsiz?
- Borcunun olub-olmamasının bizə aidiyyatı yoxdur. Onu xəstəliyinə görə Türkiyəyə aparmadıq.

- Qarşıda "Turan Tovuz"la qərb derbisi var. Gözləntiniz nədir?
- Hələ bir həftəmiz var. Gözləntim komandamın qalib gəlməsidir. Bunun üçün əlimizdən gələni edəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti