"Qumar" qarğışı və Əhmədovun özünə verməli olduğu suallar

3 Fevral 2023 21:20 Kəpəz 659
"Qumar" qarğışı və Əhmədovun özünə verməli olduğu suallar

Yeni ilin ikinci turu «Kəpəz»i mövsümün əvvəlinə, Yaşar Vahabzadənin vaxtına qaytardı.

Gənc təmsilçisi Bayılda «Səbail»lə qarşılaşdı, uduzdu, yerlərini dəyişdi.

Son pilləyə enən «sarı-göylər» 8 turdur qələbə qazana bilməməyin acısını dadır indi.

Ötən müddətdə 5 heç-heçə ilə kifayətlənmiş «Kəpəz»in üçüncü məğlubiyyəti passivinə yazması ilə Tərlan Əhmədovun «qara günləri başlayıb» yaza bilərik.

Gəncəli fanatlar çoxdandır «istefa» şüarı səsləndirmirdi. Bu çağırışı sonuncu dəfə Vahabzadə üçün etmişdilər.

Aradan bir neçə ay ötdü, indi bu tələb Əhmiədovun qulağının dibində dilə gətirilir. Hazırkı baş məşqçinin qərar vermək və addım atmaq üçün çox da zamanı qalmayıb.

Uğursuz oyunların davam etməsini gözləməyəcəklər, adamı istefaya göndərəcəklər. Doğrudur, Tərlan Əhmədov klubun İdarə Heyətinin sədri İlqar Nadiridən qətiyyən çəkinib eləmir.

Onu heç saymır da. Demək olar hara gedirsə, hansı məclisdə əyləşirsə, qalyandan bir tüstü vurandan sonra Nadirinin arxasınca» asıb-kəsir, «o, mənim üçün heç kimdir» ifadəsini işlədir.

Bunlar hələ qələmə ala biləcəyimiz yüngül sözlərdir. Sədr «Neftçi»nin sabiq çalışdırıcısınin fəaliyyəti barədə nələr danışdığını eşitsə, düşünürəm ki. burada 1 dəqiqə ayaq saxlamaz.

Ona gücü çatmayacaq, amma özü çıxıb gedəcək.

Əhmədov məgər tək Nadirinin «kölgəsini qılınclayır» ki? Futbolçular da onun hədəfindədir.

Olsun ondan qabaq gələnlər. Yaxud da özünün gətirdikləri – baş məşqçi indi də onlara «savaş» elan edib!

Oyunların «qumar»a qoyulması ilə bağlı dedikəri nədir bəs?

Gəlin, Əhmədovun mətbuat konfransında işlətdiyi cümlələrə diqqət yetirək:

«Komandanın içi, çölü, hər tərəfi söz-söhbətdir. "Kəpəz" Premyer Liqaya təzə gəlib. Çalışırıq ki, nəsə edək. Oyuna iki gün qalmış söz-söhbətlər ortaya atılır. Daxildə elə adamlar var ki, zamanında bəzi məlumatları sızdırdılar. Bir futbolçunu etdiyi əmələ görə yola salmışam. Komandanın içində mənə dedi ki, sənin haqda elə sözlər deyəcəm ki, bir Allah bilir. Mən də dedim ki, ürəyin istəyən şeyi deyə bilərsən. Mənim həyatda qorxduğum nəsə yoxdur. Önəmli adamam ki, haqqımda danışırlar. İşlədiyim hər klubda nəticə vermişəm. Oyun satan da deyiblər. Bu qumarı çıxaranın Allah bəlasını versin. Onu oynayanın da Allah bəlasını versin. Ümumiyyətlə deyirəm. 52 yaşım var, hələ bilmirəm ki, hansı qumar necə oynanılır. Adıma min dənə söz çıxarırlar. Haqqımda danışan futbolçular özləri bilsin, Allahları bilsin. Əlavə heç nə demirəm. Kim nə istəyir yazsın. Bu komandanın daxili çölündən, çölü daxilindən betərdir. Nə qədər çalışırsan ki, kollektiv formalaşdırasan, alınmır ki, alınmır. Komanda bu gün normal oynayır. Məğlubiyyət də olacaq, qələbə də. Mən bu günlə yaşamıram, nəticə üçün yaşayıram. Nə deyirlər, desinlər. Əgər Tərlanın molla dostu varsa, niyə iki il işsiz qalıb? Molla kömək edə bilmədi? İşlədiyim bütün klublarda maddi cəhətdən çətinlik olub. İş gedən yerdə söz-söhbətlər olacaq. İrəlidə gedən adama badalaq vuran çox olur. Demək ki, mən önəmli adamam, haqqımda bu qədər söhbətlər gedir».

«Kəpəz» uduzur, fəqət, pis oynamır. Oynamadan məğlub olsalar, fikirləşərsən və deyərsən ki, qəsdən belə edirlər.

İnsanıq da, ağıla gələr ki. ya öz yenilgilərinə «stavka» atıblar, ya da baş məşqçiyə «torba» tikirlər. Bunların heç biri hiss olunmur axı.

Tay gözlə də görmək olur ki, «Kəpəz» meydanda mübarizə aparır, vuruşur, qol vəziyyətləri yaradır, di gəl, qələbə qazana bilmirlər.

Bütün oyun komponentləri yerində ikən, futbolçular bacardıqları səviyyədə əzmkarlıq göstərirsə, axı onlara necə demək olar ki, siz «qumar» oynayırsız, yaxud ayağımın altını qazırsız?

«Qumar» söhbətinə qalanda, Tərlan Əhmədov öz gözündəki «tir»i görmək istəmir, başqalarının kiprində çöp axtarır.

«Şamaxı»da çalışdığı vaxt köməkçisi Mehman Babayev və digər «sağ əli» Asif Quliyevin nəyin üstündə futboldan ömürlük uzaqlaşdırılmasını nə tez unutdu?

Bəyəm AFFA onlar barədə ən sərt qərarı havadan çıxarmışdı, bir şeylər bilmirdilər? Təqsirləri yox idisə, nə üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış, günlərlə sorğu-suala çəkilmişdilər?

Bəlkə Əhmədovun onların verdikləri şok etiraflardan xəbəri yoxdur? O, olmaya özünü suddən çıxmış ağ qaşıq hesab edir?

Əgər belədirsə, niyə futboldan ömürlük uzaqlaşdırılmış şəxslərə ondan sonra da aylarla maaş ödəyib?

Əhmədov bu cür səxavətlidirsə, nə üçün kömək üçün Gəncədə ona yaxınlaşmış kimsəsiz ailənin nümayəndəsinə əl tutmur?

Hər halda o bilir ki. söhbət kimdən gedir. Biz də bilmək istəyirik ki, Əhmədov ürəyiaçıq adamdırsa, həmin şəxsin telefonlarına niyə artıq cavab vermir?

Tərlan Əhmədov «Neftçi» və «Şamaxı» ilə Premyer Liqanın bürünc medalını qazanıb. Amma heç biriylə avrokuboklarda iştirak etməyib.

Yeni mövsümün startına az qalmış vəzifədən göndərilib. Qoy bircə dəfə çıxıb açıqlasın da, nədən belə aqibətlə üzləşib!

Axı həmin komandaların rəhbərlərinin başına at təpməyib ki, tutarlı səbəb olmadan onu «taxt»dan salsın. Deməli, futboldankənar başqa «əmmalar» var.

Təbii, bunlar özlərinə də, AFFA-ya da, başqa instansiyalara da yaxşı məlumdur. Elə səbəbkarın özünə də.

Sadəcə, Əhmədov dilə basır, ictimaiyyətdə elə görüntü yaratmağa çalışır ki, sanki aydan arı, sudan durudur.

Day demir ki, onu tanıyanlar hər dəfə bu tip açıqlamalarını oxuyandan sonra dəvəquşunun o məşhur məsəlini xatırlayır…

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti