“Tərlan Əhmədov kifayət qədər təcrübəli və ağıllı adamdır”

26 Yanvar 2023 16:40 Kəpəz 740
“Tərlan Əhmədov kifayət qədər təcrübəli və ağıllı adamdır”

“Kəpəz”in qış fasiləsinə heyətinə qatdığı futbolçulardan biri Salif Sisse oldu.

Fiziki hazırlığı tam qaydasında olmasa da, baş məşqçi Tərlan Əhmədov “Qəbələ” ilə ilk matçda fransız hücumçuya şans verdi.

Sisse meyanda olduğu qısa zaman kəsiyində sözünü deyə bilməsə də, oyun haqda Sportinfo.az-ın suallarını cavablandırdı.

- “Qəbələ” ilə oyundan başlayaq. Qələbəni əldən verməyinizə səbəb nə oldu?

- Matç heç-heçə başa çatsa da, fikrimcə, stadiona gələn azarkeşlər gərgin və maraqlı oyuna şahidlik etdi. İlk hissədə biz, fasilədən sonra rəqib üstün futbol sərgilədi. Hesabda öndə olarkən əla imkanımız oldu. Onu dəyərləndirə bilsəydik, sonluq fərqli ola bilərdi. “Qəbələ”nin ikinci hissədə təzyiqi artırması yekun nəticədə özünü göstərdi. Amma yenə də 2:2-nin bizim üçün yaxşı nəticə olduğunu düşünürəm. Gələcəyə ümidlə baxa bilərik.

- İkinci yarıda niyə ilk hissədəki oyunun davamını gətirə bilmədiz?

- “Qəbələ” kimi rəqiblə oyunda topa daha çox nəzarət etməliydik. Bunu bacara bilmədik deyə, “Qəbələ” matça nəzarəti əlinə keçirib qol imkanları yaxaladı və hesabı bərabərləşdirdi. Bu cür gərgin qarşılaşmalarda son dərəcə diqqətli olmalısan ki, qapıda top görməyəsən.

- Azərbaycan Premyer Liqasında debüt etdin. Çepionatımız haqda təəssüratların necədir?

- Normaldır, hətta yaxşı deyə bilərəm. Hiss olunur ki, burada futbolçular topla rəftarı sevir, komandalar texnikalı futbol sərgiləyir. Təbii ki, sərtliyi də qeyd etməliyəm. Tribunalardakı ab-havanı da bəyəndim. Bildiyimə görə, növbəti oyunda azarkeşlərimizin sayı daha çox olacaq.

- Hücumun sivri ucunda çıxış edirsən. Lakin həmin mövqedə məhsuldar, eyni zamanda azarkeşlərin sevimlisi olan Abdullahi Şuaybu çıxış edir. Əsas heyətdə yer almaq çətin olmayacaq ki?

- Hər bir futbolçunun məqsədi mütəmadi oynamaqdır. Bunun üçünsə dayanmadan çalışmaq lazımdır. Baş məşqçimiz kifayət qədər təcrübəli və ağıllı adamdır. İnanmıram ki, məni bura ehtiyatda qalmaq üçün dəvət edib. Mən üzərimə düşəni edirəm, son qərarı baş məşqçi verəcək. Qarşıda 17 oyun var, hamının şans qazanmaq imkanı olacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti