“Kəpəz”in Fəridi gileyləndi: “Burada oynamaq çətindir”

25 Yanvar 2023 19:40 Kəpəz 607
“Kəpəz”in Fəridi gileyləndi: “Burada oynamaq çətindir”

Antalyada məğlubiyyət acısı dadmayan iki komandadan biri olan “Kəpəz” doğma azarkeşləri önündə “Qəbələ”nin müqavimətini qıra bilmədi.

Halbuki, meydan sahibləri ilk hissədən sonra hesabda 2:0 öndəydi. Lakin fasilədən sonra nə baş verdisə, “Kəpəz” dayandı, üstünlük birmənalı qonaqların tərəfinə keçdi.

Nəticədə oyun 2:2 hesabı ilə başa çatdı.

Qarşılaşmadan sonra hər iki komandanın futbolçuları üzgün görünürdü. Bu matçda özünə bənzəməyən Fərid Nəbiyevlə söhbətdə oyunla bağlı suallara cavab aldıq.

- Qələbəni əldən verməyinizin səbəbi nə oldu?

- Bu gün cəzalı futbolçularımızın sayı çox idi. Buna baxmayaraq, oyuna yaxşı başlamışdıq, fasiləyə qədər 2 qol vurmuşduq. Təəssüf ki, ikinci yarıda gücümüzü qoruya bilmədik və qapımızda 2 top gördük. Diqqətsizliyimiz üzündən qələbəni əldən verdik. Lakin “Qəbələ” kimi komanda ilə matçda 1 xal da pis nəticə deyil.

- 1 xal qazandız, yoxsa 2 xal itirdiz?

- 2 xal itirdik.

- Tərlan Əhmədov da səninlə eyni fikirdəydi?

- Təbii ki.

- Nəticə ilə razı deyildi?

- Tək Tərlan müəllim yox, hamımız üzgünük. Əlimizdə olan qələbəni buraxdıq. Açığı, belə olacağını ağlımızdan keçirmirdik.

- Fasilədən sonra komandaya nə oldu? Nə baş verdi?

- Dediyim kimi, cəzalı futbolçuların yoxluğu və ikinci yarıda yorulmağımız özünü göstərdi. Komandada yeni futbolçular var deyə, bir-birimizə hələ tam öyrəşməmişik.

- Baş məşqçinin ikinci hissə üçün tapşırıqları nədən ibarət idi?

- Topa daha çox nəzarət etməliydik. Lakin “Qəbələ” öz gücü və təcrübəsi ilə istəyimizi həyata keçirməyə imkan vermədi.

- Qazon ağır görünürdü. Rəqib komandanın baş məşqçisi Elmar Baxşıyev də bundan gileylənirdi.

- Razıyam, burada oynamaq çətindir. Qazon çox ağırdır. Məşqlərimizi də burada yox, süni örtükdə edirik. Bu məqamın özü də oyunumuza hansısa mənada təsir edir.

- Cari mövsümdə “Kəpəz”in heyətində ilk qolunu vaxtilə futbolçu kimi yetişdiyin “Qəbələ”nin qapısından keçirdin. Bu gün sabiq komandana qarşı üçüncü dəfə oynadın. Necə hissdir?

- Futbolçu həyatımın 8 ili “Qəbələ”də keçib. Əlbəttə, bu komandaya qarşı oymamaq içimdə qəribə hisslər yaradır. Amma bu, futboldur. İşimiz elədir ki, bu gün buradayiq, sabah başqa klubda. Bu cür məqamlarda peşəkar olduğumuzu unutmamalıyıq. Hər komandaya qarşı eyni motivasiya ilə hazırlaşmalı, eyni istəklə oynamalıyıq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"