11 min manatı Azərbaycan klubuna bağışladılar – Bir xahişə görə

23 Yanvar 2023 15:00 Kəpəz 2 474
11 min manatı Azərbaycan klubuna bağışladılar – Bir xahişə görə

Dünən məlumat verdiyimiz kimi, millimizin sabiq oyunçuları Əfran İsmayılov və Rauf Əliyev karyerasını başa vurub.

Cütlük «Kəpəz»lə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Ötən ilin yayında Gəncə təmsilçisi ilə birillik kontrakt imzalamış yarımmüdafiəçi və hücumçu 2 aylıq maaşından keçib.

Başqa sözlə, hər biri qərb klubuna 11 min manat güzəştə gedib. Qarşıdakı 3 ayın əməkhaqqısını isə alacaqlar.

Əliyevlə İsmayılov buradan Tərlan Əhmədova görə ayrılıb. Dörd aya yaxındır sükan arxasına keçmiş çalışdırıcı öncə Raufu, daha sonra İsmayılovu komandadan kənarlaşdırıb.

Əliyev ötən müddət ərzində «Kəpəz»in əvəzedici heyətində çıxış edib, I Divizionda qollarını sıralayıb. İsmayılov isə dekabrda baş məşqçi ilə mübahisə etdiyindən, oxşar aqibətlə üzləşib.

Hər ikisi «Kəpəz»dən pulu son qəpiyinədək almağa israrlı idi. Məhz Tərlan Əhmədova görə.

Klubun İdarə Heyətinin sədri İlqar Nadiri onlarla görüşüb, xahiş edib ki, almalı olduqları pulun bir hissəsindən imtina eləstnlər.

Rəhbər şəxs bildirib ki, büdcədə vəsait çatışmazlığı yaranıb və əsas komandadan kənarlaşdırılanlar güzəştə getməsə, yeni transfer olunan legionerləri sifariş etmək mümkün olmayacaq.

Sədr deyib ki, Tərlan Əhmədovu iş başına gətirməsindən peşmandır və indi bu qərarın acısını çəkir.

O, bununla belə, söyləyib ki, «Kəpəz»in Premyer Liqada qalacağına ümidi var və sırf bu səbəbdən baş məşqçiyə daha bir müddət şans verəcək.

Həm Rauf, həm də Əfran “Qarabağ”ın yetirmələridir. Rauf Ağdam klubundan ayrıldıqdan sonra “Bakı”, “Xəzər Lənkəran”, “Neftçi”, “İnter”, “Kukesi” (Albaniya), “Qəbələ” və “Neftçi”də çıxış edib.

Əfran isə “Qarabağ”dan başqa, “Turan Tovuz”, “Bakı”, “Xəzər Lənkəran”, “Keşlə”, “Sumqayıt” və “Səbail”də oynayıb.

Hər iki futbolçunun 34 yaşı var. Millimizdə 38 oyun keçirən Əfran İsmayılov 5 qol vurub. Rauf Əliyev isə 45 oyunda 7 qola imza atıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!