Azərbaycanlı futbolçunun ölkədən çıxmasına “STOP” QOYULDU!

21 Yanvar 2023 23:40 Kəpəz 1 253
Azərbaycanlı futbolçunun ölkədən çıxmasına “STOP” QOYULDU!

Qış fasiləsinə Premyer Liqanın turnir cədvəlində 10 komanda arasında 9-cu yollanan “Kəpəz” Antalyada diqqətləri üzərinə çəkməyi bacardı.

Gəncə təmsilçisi vətənə qardaş ölkədəki yoldaşlıq görüşlərində məğlubiyyət acısı yaşamayan 2 komandadan biri kimi qayıtdı.

“Sarı-göylər”in ən böyük üstünlüyü komandaya yeni qoşulan futbolçuların özlərini yaxşı tərəfdən göstərməsiydi. Mario Mustapiç, Juninyo Maranhense, İdris İnqilablı və Abdulla Rzayevin kollektivə uyğunlaşdığı dərhal hiss olunurdu.

Mari Mustapiç demişkən, xorvat qapıçı 2 oyunda əsas heyətdə yer aldı.

Əvəzində çempionatın ilk yarısında “çərçivə”ni qoruyan və özünü yaxşı tərəfdən göstərən Orxan Sadıqlı gözə dəymədi. Təcrübəli qapıçı Antalyaya aparılmamışdı.

Əldə etdiyimiz bilgiyə görə, Orxanın Türkiyəyə aparılmamasının səbəbi ölkə ərazisini tərk etməsinə qoyulan qadağa ilə əlaqəli olub.

Azərbaycandan çıxışına “stop” qoyulması baş məşqçi Tərlan Əhmədovun planlarını əməllicə pozub. Belədə o, məşqlərini ölkədə davam etdirmək məcburiyyətində qalıb.

Məsələ ilə bağlı əlaqə saxladığımız “Kəpəz”in mətbuat katibi Azad Mustafayev vəziyyətin bu cür alınmasına səbəb kimi futbolçunun səhhətində yaranmış xəstəliyi göstərdi:

“Orxan Sadıqlı Antalya toplanışı ərəfəsində xəstələnmişdi. Yəni elə xəstəlik idi ki, 2-3 günə sağalıb məşq edə bilməyəcəkdi. Mütəmadi iynə-dərman qəbul edirdi.

Ona görə də klub rəhbərliyi və məşqçilər heyəti Orxanı Türkiyəyə aparmağı məqsədəuyğun hesab etmədi. Turist kimi getməyindənsə, Azərbaycanda qalıb müalicə almağı məsləhət bilindi.

Dediyiniz məsələyə gəlincə, ondan xəbərsizəm. Soruşduğunuz məsələ ilə bağlı klubun həkimindən maraqlanıb sualı cavablandırdım”.

Baş məşqçi Tərlan Əhmədov mövsümün ilk yarısından sonra Kamran İbrahimovun xidmətindən imtina edib. Hazırda “Kəpəz”də üç qapıçı var – Mario Mustapıç, Orxan Sadıqlı və 19 yaşlı Elgün Bayramov.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti