“Ay sizin qadanızı alım” - Gəncədə bayramdır!

21 Yanvar 2023 16:40 Kəpəz 1 343
“Ay sizin qadanızı alım” - Gəncədə bayramdır!

Qış fasiləsinə turnir cədvəlinin sondan ikinci pilləsində yollanan “Kəpəz” Antalya toplanışında azarkeşlərini yaxşı mənada təəccübləndirdi.

Premyer Liqada qeyri-sabiq təsir bağışlayan, ölkə kubokunda mübarizəni erkən dayandıran qərb təmsilçisi keçirdiyi 3 yoldaşlıq görüşündə məğlub olmadı. Üstəlik, qapısından top da buraxmadı.

“Sarı-göylər” ilk qarşılaşmada “MTK Budapeşt”ə qalib gəldi (1:0), ikinci oyunda “Novi Pazar”la (Serbiya) qolsuz bərabərə qaldı, sonuncu sınaq matçında Qazaxıstan “Kaysar”ını darmadağın etdi - 3:0.

Mario Mustapiç, Junior Maranhense, İdris İnqilablı, Abdulla Rzayev kimi yeni transferlərin əsas heyətdə yer aldığı komanda Türkiyədə xoş təsir bağışlamaqla gəncəli futbolsevərləri xeyli ümidləndirdi.

İndi onlar mövsümün ikinci yarısını səbrsizliklə gözləyir.

Hər halda, klubun sosial şəbəkə hesablarında yazılan şərhlərdən qərbli fanatların sevincini hiss etmək çətin deyil:

“Təbriklər, “Kəpəz! Möhtəşəm oyun, möhtəşəm qələbə. İnşallah, Premyer Liqada yüksək yerlərdə görərik “Kəpəz”imizi”.

“İnşallah, liqada da belə uğurlu nəticələr qazanarıq”.

“Kəpəz” Antalyada yoxlama oyunları keçirən klublarımızın arasında ən yaxşı nəticə göstərdi və Türkiyəni məğlubiyyətsiz tərk etdi. 2 qələbə, 1 heç-heçə, 4 top vurub, 1 top belə, buraxmayıb. İnşallah, bu oyunlardan stimul alar və qələbələrin ardı gələr”.

“2023-cü il pis başlamadı. Məğlubiyyətsizlik seriyasının ilin sonuna qədər davam etməsini arzu edirəm”.

“Hücum futbolunun nəticəsi budur. Əla! Davamı gəlsin”.

“Ay sizin qadanızı alım. Təbrik edirik! Həmişə bu gündə”.

“Siz Gəncəyə yaraşanı etdiniz”.

“Bu cür davam etsə, “Kəpəz” çempionatda çox komandalara baş ağrısı olacaq”.

“Kəpəz” Premyer Liqanın 19-cu turu çərçivəsində yanvarın 24-də Gəncədə “Qəbələ”ni qəbul edəcək. Oyun saat 14:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti