“Kəpəz” rəhbərliyi çıxılmaz vəziyyətlə üzləşib.
Baş məşqçi Tərlan Əhmədovun əsas komandada sərəncamında görmək istəmədiyi futbolçularla yolları ayırmaq müşkülə çevrilib.
Konkretləşdirsək, Əfran İsmayılov, Rauf Əliyev və Elvin Yunuszadə “Kəpəz”dən ayrılmaq niyyətində deyil.
Sözləri birdir: “ya müqavilənin sonuna qədər almalı olduğumuz pulu verin, gedək, ya da əvəzedici komandada oynayacağıq”.
Çox güman, mövsümün ikinci yarısında “Kəpəz-2”nin uğurları üçün tər tökəcəklər. Başqa çıxış yolu qalmayıb.
Əhmədovun xidmətinə ehtiyac duymadığı digər futbolçu Mixeil Erqemlidzedir. Antalya toplanışına aparılmayan futbolçu da yerli oyunçularla eyni mövqeni bölüşür. Gürcü hücumçu da klubu pulsuz tərk etmək niyyətində deyil.
O da “Kəpəz”lə üzülüşmək üçün müəyyən məbləğdə pul istəyir. Bu, baş verməyəcəyi təqdirdə əvəzedici komandada oynama hazır olduğunu bildirib.
Hazırda klub rəhbərliyi Erqemlidzeni razı salmaq üçün onunla danışıq aparır. Hələ də vətənində olan gürcü futbolçuya 5 yox, 2 ayın məvacibi təklif olunub.
Müqavilənin müddəti mayın sonunda başa çatacaq Mixeil 2 aylıq maaşı alıb anlaşmaya xitam verilməsi üçün götür-qoy edir. Lakin hələ ki, son sözünü deməyib.
Ötən mövsüm “Sabah”ın sıralarında olmuş 23 yaşlı forvard cari mövsümdə “Kəpəz”in heyətində çempionatda və ölkə kubokunda meydana çıxdığı 17 oyunda vurduğu 3 qolla yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ

