Premyer Liqanın ilk yarısını 12 xalla turnir cədvəlində sondan ikinci pillədə başa vuran “Kəpəz” yanvardan sonra iddiasını artırmaq niyyətindədir.
Qərb təmsilçisi qış fasiləsində Abdulla Rzayev və İdris İnqilablı, həmçinin Salif Sisse kimi əcnəbi hücumçu ilə gücləndirib.
Buna qədər isə Mario Mustapiç və Juninyo Maranhense “sarı-göylər”lə müqavilə bağlamışdı. Qarşıdakı güblərdə daha bir futbolçu ilə münasibətlərin rəsmiləşəcəyi gözlənilir.
Heyətini gücləndirən “Kəpəz” Antalyadakı ilk yoldaşlıq görüşündə Macarıstan çempionatının ikinci liqasında mübarizə aparan “MTK Budapeşt”lə oyundan qalib ayrılmağı bacardı – 1:0.
Yanvarda komandadan ard-arda gələn xoş xəbərlər gəncəli azarkeşləri ümidləndirib. Fanatlar sevimli konandalarının çempionatın ikinci yarısında uğurlu olacağına ümid edir.
Komandanın aparıcı simalarından olan Ahmed Ayzaya da gələcəyə ümidlə baxır. Nigeriyalı yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında hazırlıq prosesindən və “Kəpəz”i qarşıda gözləyən xoş günlərindən danışıb:
“10 günlük istirahətdən sonra məşqləri bərpa etdik. Əlbəttə, fasilədən sonra asan olmur.
Müəyyən vaxt lazımdır ki, fiziki formanı qaydasına salasan. Məşqlərə Gəncədə başlasaq da, sonradan gecikmə ilə də olsa, kollektivə qoşula bildim.
Antalyada komanda üçün hər cür şərait yaradılıb. Durmadan məşq edir, baş məşqçinin tapşırıqlarını yerinə yetiririk.
İİlk yoldaşlıq oyunundan qələbə ilə ayrılmağımız psixoloji hazırlığımıza mütləq təsir edəcək. Macarıstan komandası üzərində qalibiyyət yerinə düşdü".
“Kəpəz” mövsümün ilk yarısında 18 oyundan sonra topladığı 12 xalla turnir cədvəlində 10 komanda arasında 9-cu pillədə yer alıb.
HƏBİB

