AFFA-nın adamı da Premyer Liqa klubuna legioner transfer edirmiş…

16 Yanvar 2023 11:40 Kəpəz 1 199
AFFA-nın adamı da Premyer Liqa klubuna legioner transfer edirmiş…

AFFA Gəncə futboluna kurator təyin etdiyi İsgəndər Cavadov "Kəpəz"un daxili işlərinə qarışmağa başlayıb.

Tərlan Əhmədovun baş məşqçi postuna gətirilməsinə vasitəçi olan veteran bu dəfə transfer məsələlərinə "barmaq qoyub".

Salif Sisse onun tapşırığıyla Gəncə təmsilçisinə götürülüb.

Əslində, Əhmədovun fransızın xidmətinə bir elə maraq göstərməyib. Sadəcə, Cavadovun onu işsizlikdən qurtarmasını, həmçinin bundan sonrakı fəaliyyətinə problem yarada biləcəyini göz önünə gətirərək, Sissenin gəlişinə "yox" deməyib.

Premyer Liqanın köhnə-yeni iştirakçısı sözügedən legionerlə cari mövsümün sonunadək müqavilə bağlayıb.

Seneqal kökənli hücumçu son olaraq Litvada çıxış edib. Fransa pasportu da daşıyan 31 yaşlı forvard bura gələ bilmək üçün“Hegelmann”la anlaşmasına xitam verib.

Ön xətt oyunçusu yaşadığı ölkədə «Le Manş», «Limoqes», «Luqon», DCMP, «Bellort», «Atletiko Marsel» və «Qranvill»lə yanaşı, Bolqarıstanda «Çarstvo» ilə «Botev»in formasını geyinib.

Bu keçid “Kəpəz” 4500 dollara başa gəlib. Göstərilən məbləğin 4000 dolları konkret olaraq maaşdır. Qalan vəsait isə Gəncədə qalacağı evin kirayəsinə ödəniləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti