“Kəpəz”də yenə problemlər baş qaldırıb.
Komandanın iki vacib fiquru – Abdullahi Şuaybu ilə Ahmet Ayzaya viza problemi ilə əlaqədar Antalyaya aparılmayıb.
Legionerlər qış toplanışında kollektivdən kənarda qalacaq, yoldaşlıq görüşlərində şans qazanmayacaq. İndi baş məşqçi Tərlan Əhmədovun başından tüstü çıxır.
Bu azmış kimi, Əhmədovun xidmətinə ehtiyac duymadığı futbolçuları yola salmaq da müşkülə çevrilib. Adı baş məşqçinin siyahısında olmayanlardan yalnız Peyman Keşevarzla yollar ayrılıb.
Digərləri – Əfran İsmayılov, Rauf Əliyev, Elvin Yunuszadə, Kamran İbrahimov və Mixeil Erqemlidze isə hələ də “Kəpəz”in futbolçusu hesab olunur.
Komanda yeni futbolçularla güclənmək istəyirsə, mütləq adları çəkilənlərlə yollar ayrılmalıdır ki, baş məşqçinin namizədləri ilə müqavilə bağlamaq mümkün olsun. Bu isə, hələ ki, müşkül məsələdir.
“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri Sportinfo.az-a açıqlamasında məlum vəziyyətə münasibət bildirib:
“Adları sadaladığınız futbolçularla danışıqlar davam edir. Hələ ki, tam həllini tapmayıb. Fikrimcə, ortaq məxrəcə gələ biləcəyik.
Ən azından buna ümid edirik. Bu gün üçün vəziyyəti bilmək istəyirsinizsə, yalnız onu deyə bilərəm ki, danışıqlar prosesindəyik.
Klubun idman direktoru Mehman Allahverdiyev həmin futbolçularla danışıaqları davam etdirir”.
Qərb təmsilçisi qış fasiləsində Juninyo Maranhense, Mario Mustapiç, İdris İnqilablı və Abdulla Rzayevlə anlaşıb.
HƏBİB

