“Kəpəz”in Antalya toplanışı 3 gündü davam edir. Amma bütün futbolçular hələ də baş məşqçi Tərlan Əhmədovun sərəncamında deyil.
Söhbət Ahmed Ayzaya və Abdullaye Şuaybunun yoxluğundan gedir.
Adıçəkilənlər hələ də Azərbaycanda qalıb, fərqi qaydada məşq edirlər. Səbəb futbolçulara vizanın verilməməsidir.
Son durumla bağlı vəziyyəti bilmək üçün klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə danışdıq:
“Futbalçular hazırda Gəncədə məşq edirlər. Hər gün səfirliklə danışıq aparılır. Son məlumat olaraq onu veriblər ki, müraciət gözləmədədir.
Müsbət cavab verilsə, həmin gün üçün futbolçulara bilet alınacaq və onlar Antalyada düşərgəyə qoşulacaqlar”.
Komandanın iki aparacı üzvünün Antalya toplanışından kənarda qalması klub rəsmilərinin səhlənkarlığı ucubatından baş verib, yoxsa başqa səbəblər var?
Sualımıza cavab olaraq Azad bəy bunları dedi:
“Vizanın kimə verilib-verilməməsinə ölkənin Xarici İşlər Nazirliyi qərar verir. Digər klublarımızla da bu mövzuda danışığımız olub.
Onlar da yaranmış duruma təəccüb edir. Çünki hələ belə bir hal olmayıb ki, toplanışa gedən futbolçuya viza verilməsin.
Burada klubun səhlənkarlığından söhbət gedə bilməz. Digər klublar necə müraciət edibsə, biz də o qaydada müraciətimizi etmişik.
Biz hətta qaldığımız oteldən futbolçulara məktub göndərtdirmişik ki, bizim yanvarın 7-16 tarixlərində qonağımız var. Futbol klubumuzun üzvləridir və bu müddətdə toplanışda iştirak etmələrinə şərait yaradılsın.
Müraciətin içində otelin təminat məktubu da var. Yəni bu tarixlərdə oteldə qalıb, sonra ölkəni tərk edəcəklər.
Təəssüf ki, futbolçularımızla bağlı yaranmış problem bundan sonra da öz həllini tapmayıb”.
XANOĞLAN / SPORTİNFO.AZ

