“Kəpəz” Peyman Keşevarzın ardınca növbəti iki futbolçu ilə yolların ayrıldığımnı açıqladı.
Həmin oyunçular gözlənildiyi kimi, nə Rauf Əliyevdir, nə Əfran İsmayılovla Elvin Yunuszadə, nə də Kamran İbrahimov və ya Mixeil Erqemlidze.
Tərlan Əhmədovun sərəncamında görmək istəmədiyi futbolçular Gəncə futbolunun yetirmələri Əli Səmədovla Zahid Mərdanovdur.
Səmədovun “Kəpəz” üçün xidmətləri böyükdür. Komanda illərlə Birinci Divizionda mübarizə aparanda, “10 nömrə” kollektivin aparıcı simalarından olub, kapitan sarğısını daşıyıb, kollektivi arxasınca aparıb. Ə
li “Kəpəz”də əlaqələndirici vəzifəsini daşıyan, Gəncə futbol ictimaiyyəti arasında nüfuz sahibi olan İlham Səmədovun oğludur.
Zahid isə nisbətən gəncdir. Vaxtilə “Kəpəz”, “Şəmkir”, “Qarabağ”, həmçinin Azərbaycan millisinin şərəfini qorumuş Xaliq Mərdanovun övladıdır. Cari mövsümdə Premyer Liqada cəmi 1 matçda şans qazanan 22 yaşlı yarımmüdafiəçi vaxtilə U-21-in sıralarında olub.
Qısası, klubun, yəni baş məşqçi Tərlan Əhmədovun Əliylə Zahidə ehtiyac duymaması Gəncədə ciddi narazılığa səbəb olub. Şəhərin futbol biliciləri klubun sosial şəbəkə hesablarında qərara sərt reaksiya verir, müxtəlif şəkildə etiraz edir.
Şərhlərdən bəzilərini təqdim edirik:
“Bu uşaqlar əsl güclərini doğma komandalarında göstərməli idi. Səhvlər və düzləri ilə bizim olmalı idi. Bu uşaqları əvəzedici komandadan başqa Premyer Liqa klubuna vermək kişilikdən olmadı. Klub rəhbərliyinə ayıb olsun! Sözləri varsa, gözləyirəm”.
“Göndərirlər ki, vaxtı çatanda 50-100 min verib geri alsınlar. Ya da 1 illik icarəyə götürəcəklər. Bu, Gəncə futbolunun inkişafına doğru atılan addımdır. Bu işləri düzüb-qoşanlara vaxtı gələndə gözəl sözlər, yaddan çıxmayan dastanlar yazılacaq”.
“Yaman qaçır futbolçular. Şirə olmayan yerdən arı qaçar”.
“Bir klubda ki, gəncəli yoxdur, klubun başını buraxın. Əli ən çətin vaxtlarda “Kəpəz”in yanında oldu, indi verilən qərara bax”.
“Deyiləsi söz yoxdur. Vallah, haqsızlıq, işbazlıq baş alıb gedir. Bilmirsən kimə inanasan”.
“Əli Səmədov itirmədi, “Kəpəz” onu itirdi. Gəncəli futbolçulara qənim kəsilən kəslər sadəcə utanmalıdır”.
“Əli, heyf sənin zəhmətinə, çox heyf”.
“Nıə qədər ki, “Kəpəz”də kollektiv olmayacaq, bu, belə də davam edəcək. Bu cür gedişatlar “Kəpəz”i Birinci Diviziona salacaq. Bu uşaqların gedişi kluba böyük zərbə oldu. Onlara uğur, “Kəpəz”ə isə Allah kömək olsun”.
Maraq üçün bildirək ki, hər iki “Şamaxı” ilə anlaşıb və artıq bu komandanın heyətində Antalyada təlim-məşq toplanışında iştirak edirlər.
HƏBİB / SPORTİNFO.AZ

