Tərlan Əhmədovun “Kəpəz”ə gəlişindən sonra klubda və Gəncədə narazılıqlar pik həddə çatıb.
Təcrübəli çalışdırıcının klub rəsmiləri, klubda çalışan məşqçilər, eləcə də Gəncədə dost dediyi şəxslərlə münasibətləri korlaması, futbolçulardan pul yığması, təcrübəli futbolçularla kəllə-kəlləyə gəlməsi “Kəpəz”in işıqlı sabahını sual altına salıb.
Azarkeşlər qış fasiləsində komandanın güclənəcəyini gözləyirdi. Qərb təmsilçisi gənc futbolçular - İdris İnqilablı və Abdulla Rzayevi heyətinə qatması yerli futbolsevərlərin ürəyincə deyil. Onlar daha artığını tələb edir.
Bir neçə gün əvvəl Gəncədə stajlı futbol azarkeşləri dəyirmi masa arxasında bir araya gələrək “Kəpəz”in bu günü və sabahı haqda müzakirələr aparıb, atılacaq mümkün addımlar haqda söhbət edib.
Bir şey dəqiqdir ki, adamlar klub rəhbərliyinin siyasətindən, baş məşqçinin davranışlarından narazıdır.
Bu cür çalxalanmanın fonunda “Kəpəz”ın tanınmış azarkeşlərindən olan Müşfiq Məmmədov da dilə gəlib.
Çempionatın ilk yarısında susmağı üstün tutub, sevimli komandasının çempionatın ikinci yarısında azarkeşlərin üzünü güldürəcəyinə ümid edən Məmmədov “feysbuk” profilində paylaşım edib:
“Bu gündən “Kəpəz” üçün yeni dövr başlayır. Qısa və konkret: “daha pis olacaq!”
Müşfiq Məmmədovun mesajının arxasında nəyin dayandığını dəqiq bilməsək də, Gəncə futbol ictimaiyyətinin boğaza yığıldığı dəqiqdir.
Hər halda, hadisələrin axarı maraqlı gedişatdan xəbər verir.
HƏBİB / SPORTİNFO.AZ

