«Kəpəz» rəhbərliyi mövsümün geridə qalan hissəsinə həsr olunan toplantı keçirib.
İclas, gözlənildiyi kimi, Gəncədə yox, Bakıda baş tutub.
İdarə Heyətinin sədri İlqar Nadiri, AFFA-nın Gəncə futbolu uzrə kuratoru İsgəndər Cavadov və digər şəxslər yığıncağa qatılıb.
İştirakçılar komandanın çıxışından narazılığını ifadə edib. Nadiri Premyer Liqanın 18 turu ərzində cəmi 12 xal toplayan kollektivin ümidləri doğrultmadığını dilə gətirib.
O, Yaşar Vahabzadənin yanlış transfer əməliyyatları həyata keçirməsinə diqqət çəkib, həmçinin ondan sonra sükan arxasına əyləşən Tərlan Əhmədovun düşərgədəki ab-havanı tamamilə pozmasını söyləyib.
Bildirib ki, hazırkı baş məşqçi futbolçuları oyunlara kökləmək əvəzinə, onlarla öz arasında konflikt yaratmağa meyl edib və böyük ölçüdə buna «nail olub».
İlqar Nadiri vurğulayıb ki, o, komanda üzvləri ilə çalışdırıcının münasibətlərindəki qalmaqallardan yorulub və bunun nə vaxt başa çatacağı özünə də naməlumdur.
İsgəndər Cavadov sədrin fikirləri ilə razılaşıb. Kurator Tərlan Əhmədovun «Kəpəz»ə gəlmək üçün xeyli tanınmış şəxsi ona minnətçi saldığını xatırladıb, «mən də inanmazdım ki, o, burada işə başlayandan sonra belə hərəkətlər edər» ifadəsini işlədib.
SPORTİNFO.AZ

