"Kəpəz" çətin sayılan Zirə səfərindən xalla qayıtmağı bacardı.
Azacıq diqqətli və məsuliyyətli olsaydılar qələbə də qazana bilərdilər.
Olmadıqları üçün 90+8-ci dəqiqədə buraxılan qolla ovcunun içində olan 3 xaldan məhrum oldu.
"Zirə"nin büdcəsi də, heyəti də, hədəfləri də Gəncə təmsilçisi ilə müqayisədə kəskin fərqlənir - daha yaxşıdır. Belə rəqiblə səfərdə 1 xal da qazanc sayılmalıdır.
Bu, mövsümün arxada qalan hissəsində güclü rəqib önündə "Kəpəz"in yaşadığı ilk belə sevinc deyil. Daha əvvəl qərb təmsilçisi səfərdə avrokuboklara iddalı "Qəbələ"ni (1:1), evdə isə ondan da iddialı "Sabah"ı (2:2) büdrətməyi bacarmışdı.
Əldə olunan qızıl dəyərində xallar həm də baxımlı oyunla qazanılıb. Hesablardan da göründüyü kimi, müsbət nəticələr 90 dəqiqə topu ora-bura vurmaqla əldə olunmayıb. Hər halda belə olsaydı, 3 ciddi rəqiblə oyunda 5 qol vurulmazdı. Onu da xüsusi vurğulamaq yerinə düşər ki, "Zirə" kimi "Sabah"la oyunda da 3 xal son saniyələrdə buraxılan qolla əldən çıxmışdı.
Hətta məğlubiyyət yaşadıqları "Neftçi" ilə oyunda da gəncəli futbolçular özlərini yaxşı tərəfdən göstər bilmişdi. Adıçəkilən klublar hamısı ilk beşlikdə qərarlaşan və böyük hədəfləri olan kollektivlərdi.
Əvəzində Əhmədovun yetirmələri ikinci beşlikdə qərarlaşan "Şamaxı", "Sumqayıt", "Turan Tovuz" və "Səbail" kimi münasib rəqiblərlə oyunlarda şansları yüksək olduğu halda yalnız 2 qələbə qazana bilib. Və digər 5 oyunda 2 məğlubiyyət və 3 bərabərlik qeydə alınıb.
Deməli, problem burda da birincidəki kimidir - arxayınçılıq, diqqətsizlik və məsuliyyətsizlik.
Hər halda güclü rəqiblərlə oyunlarda qələbə son anda əldən çıxırsa, münasib rəqiblərlə oyunda qələbə qazanılmırsa, buna başqa izah vermək mümkün deyil.
Tərlan bəyin "Kəpəz"də gördüyü müsbət dəyişiklər haqqında çox danışmışıq, çox yazmışıq. Məncə, az olmayan nöqsanlarından biri də budur - məsuliyyət azlığı. Kollektivə bir az daha ciddi olmağı aşılaya bilsəydi, elə bu heyətlə də minimum ilk beşlikiyin sərhəddinə yaxınlaşa bilərdi.
Qışda heyət yeni transferlərlə güclənsə də, düşünürəm ki, fasilədə ilk həllini tapmalı məsələ budur. Çünki komandanın özəyi yerində qalacaq.
XANOĞLAN İMANOV

