“Neftçi”dən ayrılandan sonra Azərbaycan klubundan təklif almışdım, ancaq razılaşa bilmədik”.
Son 9 ili ölkəmizdə legioner həyatı yaşamış Voislav Stankoviç “ağ-qaralar”ı tərk edəndən sonra karyerasını Azərbaycanda davam etdirə bilərmiş.
Ona maraq göstərən klubla danışıq aparıb, lakin ortaq məxrəcə gələ bilməyib.
Serbiyalı müdafiəçi Sportinfo.az-a açıqlamasında həmin klubun adını söyləməklə yanaşı, paytaxt təmsilçisi ilə müqavilə bağlamaq istəməməsinin səbəbini deyib:
“Səbail”dən əlaqə saxlamışdılar. Danışdıq, şərtlərimi dedim, ancaq razılaşa bilmədik. Onların təklif etdiyi əməkhaqqı məni qane etmədi.
Bu barədə klub rəsmilərinə bildirdim. Lakin söhbətin davamı gəlmədi.
Həmin pula Azərbaycanda oynamaqdansa, nisbətən az məbləğə karyeramı vətənimdə davam etdirməyi qərara aldım. Təklif olunan pula legioner həyatı yaşamağı məqsədəuyğun saymadım”.
Voislav Stankoviç 2015-ci ilin yanvarından 2023-cü ilin iyununa kimi Azərbaycanda legioner həyatı yaşamaqla “İnter” (indiki “Şamaxı”), “Qəbələ” və “Neftçi”nin şərəfini qoruyub.
O, Azərbaycan çempionu olmaqla yanaşı, ölkə kubokunu başı üzərinə qaldırıb.
HƏBİB

