“Çox sevinirəm. Çünki, bu, vətənimizdə keçirilən yarışdır. Bu günə qədər Azərbaycanda baş tutan heç bir turnirdə məğlub olmamışam. İslamiadada qızıl medal qazanmaq bir arzu idi” - Sportinfo.az xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 84 kq çəki dərəcəsində qızıl medal qazanan karateçi Ayxan Mamayev söyləyib.
26 yaşlı idmançı bildirib ki, yarışın 1/4 finalında əlcəzairli Muad Aşaşa qarşı döyüşü daha çətin keçib. O, əsas hədəfinin Yay Olimiya Oyunlarında qalib gəlməkdən ibarət olduğunu vurğulayıb: “İkinci görüşüm daha çətin keçdi.
Əlcəzair idmançısına bir dəfə uduzmuşdum. Amma bu dəfə qələbə qazandım. Öz qələbəmi şəhidlərimizə həsr edirəm. Bildiyiniz kimi artıq karate də olimpiyadanın proqramına daxil edilib. “Tokio-2020"də qızıl medal qazanmaq üçün əlimdən gələni edəcəm”.
