“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Mançester Yunayted”in sabiq futbolçusu Roy Kinin Erlinq Haland haqda rezonans doğuran açıqlamasına cavab verib.
İrlandiyalı keçmiş futbolçu Norveç millisinin üzvünün hazırkı formada ona 2-ci liqa səviyyəsində olan oyunçunu xatırlatdığını söyləyib.
Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis Kin ilə qətiyyən razı olmadığını bildirib:
“Mən Kin ilə qətiyyən razı deyiləm. Haland hazırda dünyanın ən yaxşı hücumçusudur. O, ötən mövsüm əldə etdiyimiz hər şeyi qazanmağımıza kömək etdi”.
Haland 2022-ci ilin iyulunda “Mançester Siti”yə “Borussiya”dan (Dortmund) keçib. Onun İngiltərə klubu ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
Haland bu mövsüm bütün turnirlərdə 35 matçda 29 qol vurub və 6 məhsuldar ötürmə edib.
Norveçli forvard 2022/23 mövsümündə “şəhərlilər”ə tarixində ilk dəfə Çempionlar Liqasını qazanmağa kömək edib. O, həmçinin İngiltərə çempionu və ölkə kubokunun qalibi olub.

