“Torpedo Kutaisi”nin “Zirə”dən revanş almaq istəyi baş tutmadı.
Konfrans Liqasının 1-ci mərhələsinin ilk görüşündə Sumqayıtda 0:3 hesabı ilə məğlub olan Gürcüstan təmsilçisi doğma meydanda qələbə qazanacağına ümid edirdi.
Bu məqsədlə azarkeşləri stadiona səsləmiş, arenadakı tabloda “Niyə də yox?!” sloqanı yer almışdı.
İlk hissədə “Torpedo”nun hesabda 0:2 geri düşməsi fanatları özündən çıxardı.
Bir ağızdan baş məşqçi Dirk Şusteri istefaya səsləyən azarkeşlər fasilədə klubun prezidentini dövrəyə alıb.
David Kereselidzeyə kəskin etirazlarını bildirən və alman çalışdırıcının qovulmasını tələb edən azarkeşlərə rəhbər səbr etməyi tövsiyə edib.
Ramaz Şengeliya adına stadionun mərkəzi tribunasında yaşanan olayın anbaan görüntülərini təqdim edirik.
Maraq üçün bildirək ki, hər iki qarşılaşmada 3:0 hesabı ilə qələbə qazanan təmsilçimiz 2-ci mərhələdə Estoniya “Payde”si ilə münasibətlərinə aydınlıq gətirəcək.
HƏBİB / SPORTİNFO.AZ

