Azərbaycanlı rəsmi FIFA agenti Emil Əsədov növbəti beynəlxalq transfer əməliyyatını yekunlaşdırıb.
Keçid prosesini yerində idarə etmək üçün hazırda Vyetnamda səfərdə olan menecer Serbiya Superliqasının tanınmış hücumçularından biri olan Andriya Maydevaçın "TT Donq Nai FC"ya transferini rəsmiləşdirib.
28 yaşlı serbiyalı mərkəz oyunçusu ötən mövsümü "Napredak"da keçirib. Burada kifayət qədər stabil oyun nümayiş etdirərək, 30 rəsmi matçda 9 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.
O, karyerası ərzində müxtəlif Avropa çempionatlarında, xüsusilə Serbiya, Macarıstan və Yunanıstan liqalarında qazandığı təcrübə ilə tanınır.
Güclü fiziki quruluşu, cərimə meydançasındakı bitiricilik qabiliyyəti və hər iki ayağından eyni dərəcədə məhsuldar istifadə etməsi Maydevaçı Asiya klublarının hədəfinə gətirmişdi.
Aparılan gərgin danışıqlardan sonra onun növbəti “dayanacağ”ı məhz Vyetnam təmsilçisi oldu. Onun transferi Asiya çempionatında cari mövsümün ən diqqətçəkən keçidlərindən biri hesab olunur.
Son əməliyyat Emil Əsədovun beynəlxalq transfer fəaliyyətindəki xüsusi imzasını bir daha təsdiqləyir.
Adıçəkilən menecer bu peşəyə ilk addımlarını atarkən əsas hədəf və fəaliyyət xəttinin məhz qlobal futbol bazarlarına çıxmaq, beynəlxalq səviyyəli transferləri birbaşa reallaşdırmaq olduğunu bəyan etmişdi.
Xorvatiya, İsrail və Kosovo çempionatlarından sonra Serbiya və Vyetnam xətti üzərində qurulan bu transfer, onun qlobal miqyaslı strategiyasının növbəti əyani sübutudur.
Əsədov daha öncə də bir sıra beynəlxalq transferlərə imza atıb.
O, Rüfət Abdullazadəni "Səbail"dən Xorvatiya Superliqasına, bu il isə oradan icarə əsasında "Kiryat Şmona"ya (İsrail) keçidini təşkil edib.
Agent həmçinin Yusif İmanovun Kosovo Superliqasına transferini reallaşdırıb.
Emil Əsədov hazırda Rüfət Abdullazadə, Yusif İmanov, Səbuhi Abdullazadə, Emmanuel Yaghr, Seymur Məmmədov, Sadiq Məmmədzadə, Seyxan Fərəcov, Kamran Quliyev, eləcə də gənc oyunculardan Nazim Hüseynov və Nihat Oruceli kimi futbolçuların rəsmi karyera idarəçiliyini və agentliyini həyata keçirir.
SPORTİNFO.AZ

