“Şamaxı”lılar “Sabah”ın çempionluğuna imkan vermədi - FOTOLAR

14 İyul 22:20 Hadisə 51
“Şamaxı”lılar “Sabah”ın çempionluğuna imkan vermədi - FOTOLAR

İyulun 22-də əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan ilk anadilli qəzet “Əkinçi”nin nəşrə başladığı gündən 151 il ötür.

Həmin gün ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur ki, Peşəkar Futbol Liqası bu dəfə də idman jurnalistlərini bir yerə yığıb, ənənə halını alan intellektual yarışda yaddaşımızı təzələmək üçün zəmin yaratmışdı.

Bakının dəbdəbəli məkanlarından birində təşkil olunan məclisdə PFL-in prezidenti Elxan Səmədovla başda olmaqla qurumun bütün əməkdaşları iştirak edirdi. Məhz bu xüsusi və incə məqamı media mənsublarına verilən diqqət və qayğının göstəricisi olaraq əsl bayram hədiyyəsi kimi qəbul etmək olardı.

Viktorinaya gəlincə, 70-dən artıq idman jurnalisti 12 komandaya bölünmüşdü. Komandalar Premyer Liqada mübarizə aparan klubların adını daşıyırdı.

“Sportinfo”nun redaktoru İlkin Xəlilov (Fikrətoğlu) “Kəpəz” komandasının, bəndəniz Həbib Aslanov isə “Zirə”nin heyətində yer almışdıq.

Ötən mövsümü “qızıl dubl”la başa vuran “Sabah” bizim yarışda da uzun müddət turnir cədvəlinə liderlik edirdi. Lakin sona yaxın büdrəmələri onlara baha başa gəldi. Heç kimin gözləmədiyi halda qələbələri sıralayan “Şamaxı” liderliyi ələ keçirib sona – 11-ci tura qədər üstünlüyü qorumağı bacardı. Yekunda 24 xal toplayaraq mübarizəni “qızıl”la başa vurdu.

23 xalı olan “Sabah” gümüş medallarla kifayətləndi. 3-cü yerin taleyinə isə eyni – 20 xala malik “Qarabağ”la “Kəpəz”in pley-off qarşılaşmasında aydınlıq gəldi. Ötən mövsümü titulsuz başa vuran “Qarabağ” bizim yarışda da ilk “3-lüy”ə düşə bilmədi. Nəticədə İlkin Xəlilovun kapitanı olduğu “Kəpəz” gümüş medallara sevindi.

Premyer Liqada olduğu kimi, Azərbaycan kubokundakı mübarizədə də sürpriz nəticələr qeydə alındı. 12 komanda arasında ən yaxşılar hərəyə iki qələbə qazanan “Araz-Naxçıvan”la bəndənizin də təmsil olunduğu “Zirə” oldu. Turnirə sponsorluq edən “Bizon” qalibləri mükafatlandırmağı yaddan çıxarmamışdı ki, fürsətdən istifadə edib diqqət göstərənlərə təşəkkür etməyi özümə borc bilirəm.

Əsl bayram ab-havasında keçən tədbirin gedişində qələmləri kənara qoyub, badələr qaldırmaqla ötən 1 ilin yorğunluğunu az da olsun canımızdan çıxarmağa çalışdıq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti