Rusiyalı oliqarx, “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyan bu gün mətbuat konfransı keçirərək, rəhbərlik etdiyi qüvvənin seçkilərlə bağlı planları barədə danışıb.
Bu barədə “Armenpress” məlumat yayıb.
Oliqarx partiyasının iyunun 7-də keçiriləcək parlament seçkilərində mütləq qələbə qazanacağını iddia edib.
Uduzacaqları halda B planının olub-olmaması ilə bağlı suala cavab olaraq deyib: “Bilirsiniz, yalnız Ermənistan xalqının bu B planı var. Mən təkbaşına nə edə bilərəm? Bütün planlar Ermənistan xalqınındır, çünki biz mütləq qələbəyə doğru gedirik, buna əminik”.
Seçkilərdən və ya mümkün məğlubiyyətdən sonrakı inkişaflara hazır olub-olmadıqları soruşulduqda Samvel Karapetyan qeyd edib: “Seçkilərdən və ya beş ay sonra nə baş verəcəyini müzakirə edəcəyik. Hazırda seçkilərə hazırlaşırıq. İndi bu barədə düşünməliyik. Əmin olun, istənilən addıma hazırıq, sizə bundan artıq heç nə deməyəcəyəm”.
Rusiyalı oliqarx çıxışında Azərbaycanın suverenliyi əleyhinə, xüsusən də Qarabağla bağlı təxribatçı fikirlər səsləndirib. Hakimiyyətə gələcəyi təqdirdə “dost ölkələrin köməyi ilə” (Rusiyanı nəzərdə tutur – red.) ermənilərin Qarabağa qayıdışına çalışacağını iddia edib.
Ermənistan baş nazirliyinə iddialı Karapetyan Bakı və İrəvan arasındakı hazırkı sülh prosesinə qarşı olduğunu da gizlətməyib. O, bu prosesin yenidən nəzərdən keçirilməsi iddiasını müdafiə edir. Ermənistan Baş naziri Nikol Paşinyan artıq Samvel Karapetyanın bu iddialarının müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Samvel Karapetyan Ermənistan vətəndaşlığından əlavə, Rusiya və Kipr vətəndaşlığına da malikdir. Bu yaxınlarda Rusiya və Kipr vətəndaşlığından imtina prosesinə başladığını açıqlayıb. Mətbuat konfransında o, prosesin davam etdiyini qeyd edib: “Ehtiyac yaranan kimi, gün gələcək, mən yalnız Ermənistan vətəndaşı olacağam”.
Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə iştirak etmək üçün 19 siyasi qüvvə qeydiyyatdan keçib. “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyan namizədlər siyahısına daxil edilməyib. Ermənistan Konstitusiyasına görə, digər ölkələrin vətəndaşlığı olan şəxslər nə baş nazir, nə də deputat vəzifəsinə namizəd ola bilərlər. Nikol Paşinyan da bu gün onun namizəd ola bilməyəcəyini açıqlayıb. Karapetyanın blokunun namizədlər siyahısına müavini və qardaşı oğlu Narek Karapetyan rəhbərlik edir.
Xatırladaq ki, Samvel Karapetyan ötən il iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə həbs edilsə də, sonradan ev dustaqlığına buraxılıb. Barəsində açılan cinayəti işi üzrə məhkəmə prosesi davam edir.

