Elvin Əjdərlinin video klipləri “Karvan” üçün əsl motivasiya mənbəyinə çevrilib.
Açıq-aydın hiss olunur ki, komandanın son günlər qazandığı nəticələrdə direktorun çəkdiyi bu “şedevrlər”in rolu danılmazdır.
“TikTok” sosial şəbəkəsində paylaşılan son klip isə sadəcə, möhtəşəmdir!
Qapıdan çıxış səhnəsi, qapalı məkanda gün eynəyi, məğrur duruş, inamlı addımlarla yalnız irəli getmək…
Musiqi seçimi, rəqiblərə verilən o “dərin” salam, qəmli baxışlar, əsəbi qaşların oyunu - hamısı incəliklə düşünülmüş ssenarinin məhsuludur.
Hollivud belə detalları hər zaman tapa bilmir.
Hiss olunur ki, Füzuli Məmmədov hər oyundan öncə bu klipi komandaya nümayiş etdirir.
Futbolçular meydana yox, sanki döyüş meydanına çıxırlar. Nəticə də göz qabağındadır - motivasiya pik həddə, performans isə hind kinolarındakı kimi “kinematoqrafik” səviyyədədir.
Çox təəssüf ki, Elvin müəllim bu klipləri mövsümün əvvəlindən çəkməyə başlamayıb. Əks halda, bu gün biz “Karvan”ın avrokuboklardakı çıxışını və bəlkə də “ən yaxşı rejissor işi” nominasiyasını müzakirə edirdik.
Bəlkə də UEFA artıq yeni kateqoriya üzərində düşünür: “Champions League of Content”.
Hətta deyərdim ki, digər klublarımızın rəhbərləri də Elvin bəydən nümunə götürməlidir. Futbol nəticələri bir yana, əsas odur, kontent olsun. Azarkeşə qol yox, kadr lazımdır.
Dramaturgiya, süjet xətti, emosional pik nöqtə - bunlar olmadan müasir futbol artıq təsəvvür edilmir.
Elə təkcə bu klipə görə dövlət tərəfindən “Karvan” FK-ya 2.5 milyon manat ayrılması da tam başadüşüləndir. Bu, əslində, futbola yox, milli kinematoqrafiyaya yatırılan sərmayədir.
Yaxın gələcəkdə yeni avadanlıqlar, dronlar alındıqdan sonra çəkilişlərin keyfiyyəti daha da artacaq. O zaman artıq qısametrajlı kliplər yox, tammetrajlı əsərlər gözləyirik.
Ümid edirik ki, gələcəkdə qısa videolarla kifayətlənməyəcəyik. Seriallar, bəlkə də çoxseriyalı dramlar… “Karvan: yüksəliş hekayəsi” tezliklə ekranlarda.
Qədəmləriniz mübarək, Elvin müəllim! Sadəcə, bir xahiş: növbəti klipdə süjet xətti bir az da güclü olsun.
Futbol, onsuz da, arxa plandadır, heç olmasa, maraqlı kliplərə baxaq.
MƏNdən demək
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

