Premyer Liqanın autsayderi “Karvan-Yevlax” 27-ci turda qazandığı qələbə ilə yevlaxlı futbolsevərlərin tükənmiş ümidini az da olsa canlandırdı.
İlk və son qələbəsini ötən ilin avqust ayında “Kəpəz”lə Qəbələdəki səfər qarşılaşmasında əldə edən aran təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasına məhz bu rəqiblə oyunda son qoydu – 4:1.
“Karvan-Yevlax”ın xal sayını 11-ə çatdırıb elitadakı yerini qoruyacağı ilə bağlı yaranan azacıq inam, “Kəpəz”in ardıcıl ikinci oyunda məğlub olması, gəncəlilərin cari mövsümdə ardıcıl ikinci oyunda bu rəqibinə məğlub olması – bunlarla işimiz yoxdur.
Oyunda yaşanan sevindirici məqam vurulan 5 qolun hamısında azərbaycanlı futbolçuların ad-soyadının yazılmasıdır.
Dayaq yarımmüdafiəçisi Rauf Rüstəmli het-triklə diqqət çəkdisə, komandasının digər qoluna mərkəz müdafiəçisi Eltun Turabov imza atdı. “Kəpəz”də rəqib torunu silkələyən Fərid Nəbiyev oldu.
Hər iki komanda meydana beş legionerlə çıxmışdı. “Karvan-Yevlax” sonradan daha üç əcnəbinin xidmətindən istifadə etməklə ümumi sayı 13-ə çatdırmışdı.
Meydanda bu qədər legionerin olduğu qarşılaşmada 5 qolun hamısını azərbaycanlı futbolçuların vurması oyun protokolunda canayatan görüntü yaradır. Xüsusən bu cür vacib və prinsipial matçda.
Premyer Liqada sonuncu dəfə belə hal yəqin ki, 20-ci əsrdə yaşanıb. Elitada bir oyunda 5 və daha çox qol vurulsun, hamısında yerlilərin soyadı əsk olunsun.
Bu hal sonuncu dəfə nə vaxt baş verib? Xatırlayan(lar) var?
Hər nə qədər azərbaycanlı oyunçuları qınasaq da, canları canımızdan qanları qanımızdandır. Demək ki, istəyəndə etmək mümkündür. Yetər ki, səy göstərəsən.
Davamı gəlsin!
HƏBİB / SPORTİNFO.AZ

