Azərbaycan Premyer Liqasının 27-ci turunun son qarşılaşması təkcə meydandakı mübarizə ilə deyil, futboldankənar maraqlı hadisə ilə də yadda qalıb.
Sportinfo.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən “Turan Tovuz” - “Sumqayıt” oyunu zamanı azarkeşlər gözlənilməz “aroma sürprizi” ilə üz-üzə qalıblar.
Belə ki, stadiona yaxın ərazidə fəaliyyət göstərən restoranların birindən qalxan kabab iyi və tüstüsü küləyin təsiri ilə tribunlara doğru yayılıb.
Baş verənlər oyunun gedişinə ciddi təsir göstərməsə də, tribunlarda fərqli bir atmosfer formalaşdırıb.
Qarşılaşmanın şərhçisi Gündüz Abbaszadə də buna biganə qalmayıb. O, kababın tüstüsü ilə yanaşı iyinin stadionu bürüdüyünü bildirib.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

