Azərbaycanda kreditləşmə sahəsində proseslərin rəqəmsallaşdırılması və məlumat mübadiləsinin operativliyinin artırılması istiqamətində yeni mexanizmlər tətbiq ediləcək.
"Report"un əldə etdiyi məlumata görə, kredit qərarlarının verilməsi prosesinin avtomatlaşdırılması və kreditlərin verildiyi andan etibarən tarixçədə dərhal əks olunmasını təmin edən yeni Ani qeydiyyat sisteminin bu il iyulun 1-nə qədər "Azərbaycan Kredit Bürosu" MMC tərəfindən istismara verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, cari ilin sonuna qədər vətəndaşların öz maliyyə davranışlarını idarə etməsinə imkan verən özünəqadağa xidmətinin də istifadəyə verilməsi planlaşdırılır. Bu xidmət vasitəsilə şəxslər öz adlarına kredit rəsmiləşdirilməsinə məhdudiyyət qoya biləcəklər.
Eyni zamanda, banklar arasında kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğuların mütəmadi aparılması nəzərdə tutulur. Sorğuların nəticələri, mövcud trendlər və təhlillər ictimaiyyətə və maliyyə sektoru iştirakçılarına açıqlanacaq.

