"Karvan-Yevlax" Misli Premyer Liqasının 27-ci turunda doğma meydanda "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Son məğlubiyyətdən sonra komandanı bu oyuna kökləmək çətin idi. Futbolçularda psixoloji gərginlik var idi. Rəhbərlik və məşqçilər korpusu komandaya dəstək oldu. Bilirdik ki, ağır oyun olacaq. "Kəpəz"in çox güclü heyəti var. Futbolçular matça çox ciddi hazırlaşdılar. Meydanda ürəklərini qoydular. Hesab daha böyük də ola bilərdi. Hesabın 4:1 olmasına baxmayaraq çətin oyun idi. Uşaqlar bu çətinliyin öhdəsindən gəldilər. Bütün futbolçuları təbrik edirəm. Azarkeşlərimiz bundan çoxuna layiqdirlər. Onları qələbələrimizlə sevindirə bilmirik. Hələ 6 tur qalıb, qarşıda yaxşı oyunlarımız olacaq. Hər görüşə qələbə üçün çıxacağıq. Bizi qarşıda daha yaxşı qələbələr gözləyir.
- Həmişə deyirdiz ki, bir qələbə olsa, davamı gələcək. İndi necə düşünürsüz? Sizcə, bunun davamı gələcək?
- Qələbə futbolçuya özünəinam verir. Bu qalibiyyət bizə çox ümid verir. Bütün oyunlara qələbə qazanmaq üçün çıxacağıq.
- Erkən qolların psixoloji üstünlüyü var?
- Əlbəttə. Hər qol rəqibi üzür, komandaya isə qələbə ümidi verir. Birinci hissədə Raufun iki qol vurması kollektivə ümid verdi. Hesab 2:1 olduqdan sonra futbolçularda qələbəni əldən vermək qorxusu yarandı. Üçüncü qol isə artıq oyunun taleyini həll etdi.
- Rauf Rüstəmli əvvəlki oyunlarda niyə özünü göstərə bilmirdi?
- Rauf hər matçda əsas heyətə layiq futbolçulardan biridir. Maksimumunu meydanda qoymağa çalışır. Çox əzmkar futbolçudur. Son iki turda əsas heyətdə oynaya bilməmişdi. Səbəb rəqabət idi. Ədalətli olub digər oyunçulara da şans verməliyik. Rauf bugünkü oyunu ilə hansı səviyyədə futbolçu olduğunu göstərdi.
- Bu vaxta qədər nə baş verirdi ki, "Karvan-Yevlax" qələbə qazana bilmirdi?
- Çox nüanslar ola bilər. Xırda səhvlərdən rəqiblər bizə qol vurur. Dərhal futbolçularda psixoloji düşüş yaranır. Onların potensialını bilirəm. Öz bacardıqlarını göstərə bilmirlər. Bəzi matçlarda çox yaxşı oynamışıq, qol da vurmuşuq, saymayıblar. Bəzən gözləmədiyimiz anlarda qollar buraxmışıq. Bu qollar komandanı məyus edir. Bəzi komandalarla nəinki başa-baş, artıq da oynaya bilərik. Bu oyun da göstərdi ki, komanda top saxlaya, hücum qura bilir.
- Mövsümün bitməsinə 6 tur qalmış "Qəbələ" ilə "Karvan-Yevlax" arasında 8 xal fərq var. Bu fərqin aradan qalxacağına inanırsız?
- Əlbəttə. Hər zaman inanmışam. Bütün oyunlara ümidlə çıxıram. Sona qədər mübarizə aparacağıq.

