Epşteynlə yoldaşlıq görüşü

11:55 Hadisə 113
Epşteynlə yoldaşlıq görüşü

Əgər Sent Lüsiya adasını futbol oynamaq üçün qonaq çağırıb hörmətsizcəsinə 6 dənə qol vurursansa, yer-göy qan ağlamalı, şəhəri su basmalıydı.

Çünki bilənlər bilir, bu ölkənin adı “Müqəddəs Lüsiya” mənası verir, həmin zənən xeylağı isə xristian kilsəsində hörmətli arvadlardan biridir,

Venesiya şəhərinin də himayədarıdır. Zəhləmgetmiş jurnalistlər demişkən, “belə olan halda” Sabunçunu niyə su basıb Venesiyaya döndərməsin?

Həmçinin Lüsiya xala ilə bağlı başqa rəvayətin də əsasında su durur. Guya bu, bir isveçli balıqçının övrəti imiş, balıqçı dənizdən qayıtmır, Lüsiya isə əlində fənər, qayanın üzərində onu gözləyərək daşa dönür. Lakin zəhmətkeşlərimiz hökumət nümayəndələrini gözləyərkən daşa dönmədilər, bəzi videolarda icra başçıları xalqı belində daşıyırdı, çalışırdılar kiminsə topuğu da islanmasın. Fövqəladə hallar isə nasos qurub yağış sularını təzədən buludlara qaytarırdı.

Deyəsən bizim milli futbol komandası ilə yoldaşlıq görüşünə belə gəlmək artıq heç bir normal yığmanın arzu-istəklərinə daxil deyildir. Dünən bu oyun barədə eşidəndə evdə uşağı gülmək tutmuşdu, deyir futbolçuların bazar qiymətini müəyyən edən beynəlxalq futbol saytında həmin bu Sent Lüsiyanın adı ümumiyyətlə yoxdur. Məsələn, Azərbaycan futbol millisinin ümumi dəyəri hardasa 15 milyon avroya çatırmış. Növbəti oyunu keçirəcəyimiz Syerra Leone komandası da bunun tayıdır, orda bir neçə oyunçunun bazar dəyəri 0-a bərabər imiş, yəni, saytda bunların adının qabağında heç zad yazılmamışdır. Yəqin savannada antilop ovçularıdır, asudə vaxtlarında futbol oynayırlar.

Sual yaranır ki, belə komandalarla “yoldaşlıq görüşü” AFFA müəllimin nəyinə gərəkdir? Bu cür komandalarla oyun bizim futbolun inkişafına hansı töhfə verə bilər? Əgər futbol komandalarımız, xüsusilə də 16-19-21 yaşlı milli yığmalarımız haqqında xəbərlər adətən “Millimiz darmadağın oldu” başlığı ilə lentə çıxırsa, Sent Lüsiyanı Sumqayıtda darmadağın etməyə görə utanmaq lazımdır.

Bəlkə növbəti dəfə Epşteynin Karib dənizindəki o məşhur adasının heyətini yoldaşlıq görüşünə çağırmaq lazımdır. Sent Lüsiyanın hardasa böyründə olmalıdır.

Əlbəttə, “korrupsiya dünyanın hər yerində vardır”, ona görə çox şeyləri vecimizə almırıq. Elə futbol temasında təzəlikcə tragikomik fakt ortaya çıxmışdı, sən demə “Real”ın ünlü oyunçusu Mbappe-nin ayağını həkimlər səhv müalicə edibmişlər. Sol dizi zədələnən futbolçunun... sağ dizini müayinə eləyiblər.

Hətta Mbappe özündən çıxıb, qəzəblənib. Böyük iş olub... Səni bizim bəzi həkimlər müayinə etsəydilər indi ayağın dibindən yox idi. Yəqin xatırlayırsınız, beş-on il qabaq bir dövlət xəstəxanamızda pasiyentin ayağını səhv kəsmişdilər. Ehtimal edilir ki, həmin həkimimiz “Real”a transfer olunub, orda işləyir. Uğurlar diləyirəm, nə demək olar... Xüsusilə “Barselona” klubunun azarkeşi kimi mənə sərfəli keçiddir.

Yağışın aylıq normanı neçə dəfə ötməsinə gələndə, məncə burada qlobal iqlim dəyişmələrinin böyük rolu vardır. Gərək biz bundan sonrakı illərdə oxşar təbii fəlakətlərə hazır olaq. Normanı keçən küləklər, normanı keçən qar-boran, anomal istilər, görünməmiş qum fırtınaları həyatımızın bir parçasına çevrilir. Bəlkə də artıq adam balası kimi yağıb, kəsən yağışa “anomaliya” deməli olacağıq.

Zamin HACI

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti