Rauf, uf, uf, uf...

20:40 Hadisə 168
Rauf, uf, uf, uf...

“Qəbələ” – “Sabah” qarşılaşmasının sonunda meydan sahiblərinin qaydalar çərçivəsində vurulan qolunun qeydə alınmaması, başqa cür desək, qonaqların qapısına penalti təyin olunmaması aylar öncə yazdığım acı həqiqəti bir daha təsdiqlədi – bu, hələ jurnaldır, kino qabaqdadır.

O vaxt yazmışdım ki, həftələr bir-birini dəyişdikcə, Premyer Liqada ağlagəlməz səhnələrin şahidi olacağıq. Buna çoxdan start verilib və artıq davamı gəlməkdədir.

Qayıdaq Qəbələyə. Hesab 1:0 “Sabah”ın xeyrinə olarkən, qonaqların qapısına vurulan qolun ləğv olunmasının heç bir halda məntiqi izahı yoxdur.

Baxın.

Qol vurulur, VAR-dakılar epizoda 5-10 dəqiqə baxır, incələyir, yekunda baş hakim Rauf Cabbarov VAR monitorunun qarşısına dəvət olunur.

O da baxır və “Sabah”ın cərimə meydançasına havalandırılan topun Stiv Solvetlə İqor Noqeyronun əlinə dəydiyini görmür (görmək istəmir, görməzdən gəlir), nəticədə Prins Ovusunun əllə oynadığını əsas gətirərək “Qəbələ”nin qolunu ləğv edir və hakimlik adına rəzalət yaşanır.

Kiminsə haqqına girmək fikrindən uzağam. Ancaq qolun ləğv olunmasından sonra ictimaiyyətdə Azərbaycan futbol hakimliyinin səviyyəsi və şəffaflığı ilə bağlı yaranan şübhələrə əsaslanaraq bir neçə sual vermək istəyirəm.

- Rauf VAR-a dəvət olunanda, mübahisəli epizod ona hansı rakursdan təqdim olundu?

- VAR-da aparılan təxminən 10 dəqiqəlik müzakirələr zamanı kənar şəxs(lər)lə bağlantı olubmu?

- Niyə bu kimi şübhəli vəziyyətlərdə əsasən İnqilab Məmmədov, Rauf Cabbarov, Əliyar Ağayev kimi təcrübəlilərin adları ön plana çıxır?

- Və ən əsası, mövsümün qaynar vaxtında De Blekkerlə Ömər Paşayevi tutduğu vəzifədən azad edib, Rəhim Həsənovu təyin etməkdə məqsəd-məram nə idi?

- Rəhim Həsənov məhz bu epizodla bağlı hansı açıqlamanı verəcək? Cabbarovun yanlışını hansısa yanlışla düz göstərməyə çalışacaq, yoxsa açıq etirafa yer verəcək?

Sualların cavabını komitədən veriləcək cavab tam şəkildə izah edəcək.

VAR olmayan vaxtlarda insanları hakim səhvinə inandırmağa çalışırdıq. Ən azı hansısa şəkildə əsaslandırmaq mümkün idi.

Getdi o dövr. Çəkilişlər zamanı futbolçunun dırnağının hansı uzunluqda olduğu görünürsə, üstəlik, baş hakimə epizodun təkrarına 5-10 dəfə baxmaq imkanı yaradılırsa, yol verilən səhvə heç bir rəngdə don geyindirmək olmur. Nə qırmızı, nə ağ, nə də qara.

“Qəbələ” etiraz səsini ucaldıb, bu gün-sabah digərləri da başlayacaq, “Qarabağ” da danışacaq və dözülməz vəziyyət yaranacaq.

Dövlət büdcəsindən ayrılan milyonlar ölkə futbolunun inkişafı üçün nəzərdə tutulub, cənablar, insanları futboldan iyrəndirmək, əcnəbilərdə Azərbaycan futbolu haqda mənfi fikirlər formalaşdırmaq üçün yox.

Hakimliyin onlarla qurtardığı, lakin onların hakimlikdən qurtara bilmədiyi Rauf və İnqilab kimiləri əldə alət etməklə çempionatın şəfafflığını şübhə altına salmaq acı fəsadlara yol açacaq.

Allah betərindən qorusun!

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti