“Zirə” - “Karvan-Yevlax” qarşılaşmasında bölgə təmsilçisi növbəti məğlubiyyətini aldı.
Meydan sahibləri üstün oynadığı qarşılaşmanı 1:0 üstün başa vurmaqla vacib 3 xal istəyinə çatdı.
Görüşün 32-ci dəqiqəsində yaşanan hadisə həm matça öz damğasını vurdu, həm də “Karvan-Yevlax”dakı intizam probleminin hələ də həllini tapmadığını göstərdi.
Baş məşqçi Füzuli Məmmədovun əsas heyətdə meydana çıxan Qavi Tompsonu Peter Kinqslə əvəz etmək qərarı birincinin xoşuna gəlmədi.
Qavi meydanı tərk etsə də, öncə baş məşqçinin uzanan əlinə saymazyana münasibət göstərdi, ardınca əlindəki plastik su qabını nümayişkəranə şəkildə yerə çırpdı.
Sportinfo.az-a danışan 26 yaşlı nigeriyalı yarımmüdafiəçi hadisəni belə şərh edib:
“Belə vəziyyətlə üzləşəndə kefsiz olmağım normaldır.
Ancaq əvəzetmə qərarı baş məşqçiyə məxsusdur. Bununla bağlı heç nə deyə bilmərəm”.
20 turdan sonra aktivində 6 xal olan Yevlax təmsilçisi turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.
HƏBİB

