İspaniyanın Barselona şəhərində “Monako”nun hücumçusu Ansu Fatinin qardaşı tərəfindən törədilən mümkün cinayət işi ilə bağlı araşdırma başlanıb.
Sportinfo.az ABC-yə istinadən xəbər verir ki, niderlandlı qadın “Barselona”nın hücumçusu Lamin Yamalın evində cinsi təcavüzə məruz qaldığını iddia edib.
Hadisə fevralın 7-də baş verib. Qadın “Barselona”dan “Monako”ya icarə əsasında keçən Fatinin qardaşı Fatinyonun da olduğu gecə klubunda keçirilən əyləncəyə qatılıb.
Qrup daha sonra Barselonadakı evə gedib. Qadın növbəti səhər çılpaq oyandığını və onu “uyğunsuz toxunuşlar”ın oyatdığını iddia edib.
O, narkotik vasitələrin təsiri altında olarkən cinsi təcavüzə məruz qalmış ola biləcəyinə inanır və xəstəxanada testlərdən keçib.
O, ilk dəfə polisə müraciət edərkən, yersiz toxunuşdan sonra Fatinyonun üzünə sillə vurduğunu bildirib.
Xanım hazırda təhlillərin nəticələrini gözlədiyi üçün rəsmi şikayət ərizəsi təqdim etməyib. İstintaq bu mərhələdə əsasən onun ifadəsinə söykənir.
Qadın hadisənin “Barselona”nın vingeri Lamin Yamalın evində baş verdiyini iddia etsə də, klub bu məlumatı təkzib edib. Polis mənbələri insidentin başqa ünvanda baş verdiyini təsdiqləyiblər.
Fatinyonun ətrafı isə qadının iddialarının həqiqətə uyğun olmadığını bildirərək, onları qəti şəkildə rədd edib.

