Portuqaliya millisi və “Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasında yaranmış gərginlik fonunda “Əl İttihad”la kritik derbi matçında iştirak etməyib.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı ulduzun klubu və liqa rəhbərliyini boykot etmək qərarı ardıcıl ikinci oyunda da qüvvədə qalıb.
Məlumata görə, klub rəsmilərinin onu matça çıxmağa razı salmaq cəhdləri nəticəsiz qalıb.
Nəşr yazır ki, Ronaldonun sözügedən etirazına komandanın baş məşqçisi Jorji Jezuş da dəstək verib. Portuqaliyalı mütəxəssis həmrəylik nümayiş etdirərək oyunöncəsi və oyunsonrası mətbuat konfranslarında iştirakdan imtina edib.
Bu addıma görə həm klubun, həm də baş məşqçinin ciddi maliyyə sanksiyaları ilə üzləşəcəyi gözlənilir.
Portuqaliyalı forvardın narazılığının əsas səbəbi Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) transfer siyasətidir.
O, “Əl Nəsr”ə ayrılan büdcənin kəsilməsindən və rəqib “Əl Hilal”ın daha çox dəstəklənməsindən, həmçinin klubun idman direktoru Simao Koutinyo və baş icraçı rəhbəri Xose Semedonun vəzifələrindən uzaqlaşdırılmasından qəzəblidir.
Ulduz futbolçu bu ədalətsizliyin aradan qaldırılmayacağı təqdirdə mövsümün sonunda komandanı tərk edə biləcəyi ilə bağlı mesaj verib.

