“Sportinfo”nun əməkdaşı “Neftçi”nin oyununda hakimlik etdi - FOTOLAR

1 İyul 19:40 Hadisə 203
“Sportinfo”nun əməkdaşı “Neftçi”nin oyununda hakimlik etdi - FOTOLAR

Təxminən 16-17 il əvvəl, jurnalistika fəaliyyətimin ilk illərində futbol hakimliyinin sirlərinə yiyələnməklə bağlı təklif almışdım.

O dövrdə hakimlər üçün şərait indiki səviyyədə deyildi, texnoloji imkanlar bu qədər inkişaf etməmişdi, klublar daim “günah keçidi” qismində “sarı paltarlılar”ı görürdü, adları xoşagəlməz oyunlarda hallanırdı.

Bir sözlə, hakimlik indiki qədər arzulanan sənət deyildi.

Rus məsəli var, “heç vaxt, “heç vaxt” demə. Bax, o misal bu dəfə yerinə düşdü. Təsəvvürümə gətirmədiyim, heç vaxt arzusunda olmadığım formanı iyunun 29-da başımdan keçirməklə bədənimlə tanış etdim.

Mərhum hakim Tofiq Bəhramovun 100 illiyinə həsr olunmuş xatirə turnirində təşkilatçılar jurnalistlərə belə bir imkan yaratmışdı. Həm rəhmətliyin ruhu şad olsun, həm də hakimlərin nələr çəkdiyini hiss edək deyə, oyunlar zamanı ikinci hakim qismində meydanın kənarında jurnalist-hakimin yer almasına icazə verilmişdi.

Düzdür, “Neftçi”ylə “Ref Team”in oyunu zamanı 50 dəqiqə ərzində hansısa kritik qərar vermədim. Çünki birinci söz sahibi əsas hakim Rövşən Rəcəbov idi. Təcrübəli referi hadisələrin gedişatını diqqətdə saxlayır, centlmensayağı keçən matçda qərarları özü verirdi.

Lakin yenə də məsuliyyət hissimi itirmirdim ki, birdən hansısa epizodda verəcəyim qərar xüsusi önəm daşıyar, yanlışlıq olar, hakimlərin “jurnalistlər ancaq tənqit etməyi bacarır” qınağı ilə üz-üzə qalaram.

Həqiqətən ağır sənətdir. Gözünü bir an belə, topdan yayındırmamalı, hətta topsuz futbolçuları da diqqətdə saxlamalısan. Və ən əsası, verdiyin qərarı əsaslandırmağı bacarmalısan.

“Ref Team”in üzvləri – Premyer Liqa hakimlərindən bir neçəsi qarşılaşmadan əvvəl üzünü mənə tutub “daim bizi mühakimə edirsiz, bu gün isə biz sizi mühakimə edəcəyik” zarafatı ilə necə lazımdır motivasiya vermişdi.

Hakimlərin “Neftçi” üzərində 9:2 hesablı qələbəsi ilə nəticələnən oyundan sonra meydanı aram addımlarla tərk edə-edə bu qənaətə gəldim ki, hər kəs öz işi ilə məşğul olsa yaxşıdır. Çünki bir sənətin sahibi başqa sahədə yamaq kimi görünür.

Bununla da, karyeramda bir ilki gerçəkləşdirdim. Hakimlik etdiyim oyundan reportaj hazırladım.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti