Hesabat turunun ən səs-küylü oyunu Zirədə baş tutdu.
Matçın birinci hissəsində qonaqların kapitanı Elvin Camalovun meydandan qovulması “Sabah”ın məşqçilər korpusunu özündən çıxardı.
Qarşılaşmanın son saniyələrində isə “Zirə”lilər özlərindən çıxdı.
Topun Amin Seydiyevdən meydanı tərk etdiyi halda, baş hakimin yanlış qərar verərək qapıdan zərbə təyin etməsi və epizodun davamında “qartallar”ın qapısında penalti görməsi kütləvi narazılıq doğurdu.
Oyunsonrası mətbuat konfransında Rəşad Sadıqov gözlərini yumub, ağzını açdı. Kimlərinsə onu gözlərinin götürməməsini hakimlərin “Zirə”yə təzyiq göstərməsi ilə əlaqələndirib vaxtilə eyni münasibətin Qurban Qurbanova göstərildiyini də gizlətmədi.
Məlum oyundan sonra Rəşad Sadıqova dəstək olanlar kimi, əksini düşünənlər də var.
Vaxtilə “14 nömrə” ilə Azərbaycan millisində çiyin-çiyinə oynamış, futbolçu karyerasını başa vurandan sonra futboldan uzaq düşən Mahir Şükürov “instaqram” hesabında Sadıqova dəstək nümayiş etdirib:
“Üzülmə, dostum. Jurnalistin sənə verdiyi sualı gördüm. Ayıbdır, vallah.
Səninlə kişi kimi meydanda rəqabət apara bilmirlər. Yer tutmamağın üçün əllərindən gələni edirlər. Sonda qalib sən olacaqsan, inşallah.
Düzün yanındayam. Dəstəyim səninlədir”.
Mövsümün əvvəlində uzun müddət birinci pillədə qərarlaşan “Zirə” “Sabah”a məğlubiyyətdən sonra dördüncü pilləyə yuvarlanıb.
HƏBİB / SPORTİNFO.AZ

