Tural, sən yox da...

14 Yanvar 2024 21:20 Hadisə 1 452
Tural, sən yox da...

Tural Axundovun müsahibəsini oxudunuz?

“Kəpəz”in keçmiş kapitanı “Kəpəz”in durumundan danışıb, klubun rəhbəri İlqar Nadiriyə bir-iki söz atıb və açıq şəkildə bəyan edib ki, məni heyətlərində görmək istəyirdilər, amma razılaşmadım.

Axundovla Nadiri özləri bilər. Bir yerdə işləyiblər, necə deyərlər, bir qabdan yeyiblər. Hansısa məqamda sözləri çəp gəlib deyə, üstündən xeyli vaxt keçəndən sonra futbolçu ortaya heç bir tutarlı fakt qoymadan rəhbəri “bombalayır”.

Müsahibədə diqqətimi çəkən Turalın özünü böyük futbolçu cildinə salmasıdır. Danışığı, pafosu, mənəm-mənəmliyi ilə elə görkəm yaradıb ki, sanki bu, ölkə futbolunun inkişafına böyük töhfə verib, özü də sayılıb-seçilən futbolçulardan olub. Yəni, həmin obrazı canlandırmağı bacarıb.

Axundovun yuxusunda görmək əvəzinə həyatda reallaşan ən böyük arzusu “Neftçi”nin formasını geyinməsi olub. “Neftçi”nin yiyəsiz qalan günləri idi və Tural kimilər “ağ-qaralar”ın qara günlərindən məharətlə istifadə edib, özünə “mən də futbolçuyam” iddiası ilə xal yığmağı bacarırdı. Ona görə də indi az qala məhəlləsindəki marketə girəndə də vaxtilə “Neftçi”də oynadığını bildirməyə çalışır.

Adamın 34 yaşında “Kəpəz”ə ikinci qayıdışında kapitan sarğısını qoluna bağlaması da ciddi, çox ciddi şübhələr yaradır. Ölkənin məşhur futbolçuları Əfran İsmayılovla Rauf Əliyevin oynadığı komandada əslən gəncəli olmayan, Gəncə futbolu üçün demək olar heç nə etməyən birinin komandanın əsas adamı seçilməsinin kökündə nələrin dayandığını bir Tural bilir, bir Yaşar Vahabzadə, bir də özünə etalon seçdiyi Tərlan Əhmədov.

Göz yox, qulaq şahidiyəm. Deyilənə görə, Tərlan Əhmədovun dönəmində kapitan Tural baş məşqçinin cərimə pullarını yığan şəxs imiş. Əhmədov cərimələyirmiş, Axundov da əlində qələm-dəftər alıb düşürmüş komandanın canına. Həm də, son xəbərlərin baş məşqçiyə çatdırılmasında və təcili şəkildə çıxış yollarının tapılmasında operativlik nümayiş etdirirmiş.

İndi bəlkə də xatırlayırlar, amma 3-5 il keçəndən sonra Azərbaycan futbolunda Tural Axundov adında birinin top dalınca qaçması özündən və dostlarından başqa heç kimin yadına düşməyəcək. Bəlkə də Tural onda hansısa komandada Tərlan Əhmədovun köməkçisi işləməklə özünü məşqçi kimi göstərməyə çalışacaq. Amma futbolçu kimi əsla.

Çünki o, nə Vidadi Rzayev olub, nə Mahmud Qurbanov, nə Xaliq Mərdanov nə də digərləri. “Kəpəz”in yaxşı və pisindən bu adamlar danışmalıdır, dostum, sən yox.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti