“İnandım, aldadıldım və Azərbaycan karyeram başa çatdı” – ŞOK OLAY

10 Yanvar 2024 16:40 Hadisə 1 289
“İnandım, aldadıldım və Azərbaycan karyeram başa çatdı” – ŞOK OLAY

“Bakı”nı tərk etməyim yadıma düşəndə dəliyə dönürəm.

Həmin vaxt azərbaycanlı agent tərəfindən aldadıldım, nəticədə “havada” qaldım”.

Vaxtilə Premyer Liqanın adından söz etdirən klublarından olan “Bakı”nın formasını geyinmiş Ernad Skuliç Sportinfo.az-a Azərbaycanı tərk etməsi barədə danışıb.

Xorvatiyalı yarımmüdafiəçinin klubla müqaviləsinin müddəti 2012-ci ilin dekabrında başa çatsa da, o, sözləşmənin sonuna 6 ay qalmış rəhbərliyə yaxınlaşaraq onu sərbəst buraxmalarını xahiş edib.

Agentin yağlı vədlərinə inanaraq onu nələrin gözlədiyini bilməyib:

Ernad Skuliç:

“Bakı”yla sözləşməmin müddəti dekabrda qurtarırdı. 2011-12 mövsümü başa çatan kimi agent mənə “İnter”dən 2 illik sərfəli təklifin olduğu deyib, transfer vərəqəmi klubdan almağı tapşırdı.

Düşündüm ki, fərqlilik edim, karyeramda yeni səhifə açım. “Bakı” rəhbərliyi ilə danışdım, sərbəst qalmaq istədiyimi bildirdim.

Heç yadımdan çıxmaz, Yaşar Seyidov mənə dedi ki, vərəqəni götürməyə tələsmə. Get danış, nə vaxt klub tapsan, onda gəlib götürərsən.

Dirəşdim, dedim, yox, gedirəm, getməliyəm. Müqaviləyə xitam verilən kimi zəng vurub agentə sərbəst olduğumu bildirdim.

Lakin ondan səs çıxmadı. Nəticədə həm “Bakı”dan oldum, həm də “İnter”dən. Məcbur qalıb Xorvatiyaya qayıtdım”.

Sən demə, həmin vaxt “İnter” Skuliçə maraq göstərməyib. Həmin şəxs futbolçunun karyerasını risk altına atmaqla şəxsi biznesini gücləndirmək məqsədi gülüb. Bundan əziyyət çəkən isə Ernad olub:

“Agentin nə etmək istədiyini özündən yaxşı bilən olmaz. Sonradan anladım ki, Kaxaber Tsxadadze məni həmin vaxt yox, ondan 1 il əvvəl istəyirmiş.

Keçidim alınmadığından, dayaq yarımmüdafiəçisi mövqeyinə başqa oyunçu götürüblər deyə, Tsxadadze məni siyahıdan silib.

Amma agent mənə başqa cür deyirdi. Guya Kaxa məni hələ də istəyir, yolumu gözləyir, təcili müqaviləyə qol çəkməliyəm və sair.

Qısası, inandım, aldadıldım və Azərbaycan karyeram başa çatdı”.

Ernad Skuliç 2008-2012-ci illər arasında “Bakı”nın formasını geyinib ki, bu müddətdə Azərbaycan çempionluğunu bayram edib, ölkə kubokunun qalibi adını qazanıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti