“Bakı”nın 2010-cu ilin iyulunda üzləşdiyi xoşagəlməz hadisə 13 il keçsə də, yaddaşlardan silinməyib.
Avropa Liqasının ikinci təsnifat mərhələsində “Buduçnost”la qarşılaşan təmsilçimiz iyulun 15-də Bakıda keçirilən qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub etmişdi.
Bundan bir həftə sonra UEFA-nın İntizam Komitəsinin “Bakı”ya göndərdiyi məktubda nəticənin ləğv olunması, “zolaqlılar”a texniki məğlubiyyət (0:3) verilməsi əks olunmuşdu.
Səbəb Joel Epallenin 2006-07 mövsümündə “İraklis”də oynayarkən “Visla”yla matçda qırmızı vərəqə alıb 2 oyunluq cəzalanmasıydı. Kamerunlu forvard cavab oyununu buraxsa da, daha 1 matçlıq cəzası qalmışdı.
Ondan sonra UEFA-nın bayrağı altında keçirilən yarışlarda forma geyinməyən Epalle “Buduçnost”la ilk qarşılaşmada da meydana çıxmayıb cəzasını başa vurmalıydı.
Lakin texniki səhv üzündən məlum fakt diqqətdə saxlanılmadığından, Joel forma şansı qazanmış, “Bakı”ya texniki məğlubiyyət verilmişdi.
“Buduçnost”la oyunların iştirakçılarından olmuş xorvatiyalı yarımmüdafiəçi Ernad Skuliç Sportinfo.az-a açıqlamasında Monteneqro təmsilçisi ilə oyunlar zamanı yadında qalanları nəql edib:
“Həmin oyunla bağlı yadımda qalan Hafiz Məmmədovun bizə dedikləridir. Texniki məğlubiyyət veriləndən sonra prezident bizimlə görüşdü.
Dedi, əhvalınızı pozmayın, heç nə olmayıb, səfərdə də qalib gələcəksiniz. Mərhələni adlayın, sonra da mənə mükafatın məbləğini deyin.
Növbəti mərhələyə yüksəlsəydik, fantastik mükafat alacaqdıq. Səfərdə ilk qolu vurduq, ardınca ikinci topa sevindik.
Üçüncü qolu vurmaq üçün çoxsaylı imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Sona yaxın “Buduçnost” istəyinə çatdı, oyun 2:1 hesabı ilə başa çatdı.
Hər iki matçda qalib gəlsək də, mərhələni adlaya bilmədik”.
Skuliç qolların vurulmasında yanlışlığa yol verir. Əslində, rəqib komandanın heyətində Fatoş Beçiray 38-ci dəqiqədə hesabı açıb.
77-ci dəqiqədə Saşa Kaykut hesaba tarazlıq gətirib, oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Jaba qələbə topuna imza atıb. İki oyunun nəticəsinə görə mərhələni monteneqrolular adlayıb.
HƏBİB

