“Getdim, sənədə qol çəkdim, buraxıldım” - Məşhur azərbaycanlı “Sportinfo”ya danışdı

28 Sentyabr 2022 21:00 Hadisə 811
“Getdim, sənədə qol çəkdim, buraxıldım” - Məşhur azərbaycanlı “Sportinfo”ya danışdı

“Hərbi xidmətdə olmuş 55 yaşa qədər şəxslərə qismən səfərbərliklə bağlı çağırış məktubu göndərilir. Məni də çağırmışdılar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycanda anadan olmasına baxmayaraq gənc yaşlarında Rusiyaya köçən, orada ailə quran, övladları dünyaya gələn millimizin sabiq müdafiəçisi Emin Ağayev deyib.

49 yaşlı mütəxəssis bu barədə məlumat alan kimi Hərbi Komissarlığa gedib. Bir neçə saatlıq dindirilmədən sonra evə buraxılıb. Təfərrüatı öz dilindən eşidək:

“Hərbi Komissarlığa çağırmışdılar, getdim. Tibbi müayinədən keçdim, qarşıma qoyulan sənədə qol çəkdim və evə buraxıldım.

Dedilər, gedin, ehtiyac yaranacağı təqdirdə sizə xəbər verəcəyik. Hələ ki, 45 yaşa qədər olanlar cəlb olunur. Ehtiyac olarsa, növbəti mərhələdə 55 yaşa qədər olanlar orduya qoşulacaq”.

Ağayevin Rusiya ordusuna cəlb olunması təəccüb doğurmaya bilməz. Adam tanınmış futbolçudur, milli üzvü olub,

Rusiya Premyer Liqasında çıxış edib. Adətən bu cür hallarda məşhur idmançılar istisna təşkil edir. Üstəlik, adamın yaşı 50-yə çatıb.

Emin bunun da səbəbini açıqladı:

“Əsasən hərbi ixtisası olanları və ehtiyatda olan zabitləri çağırırlar. Ola bilsin idmançıları cəlb etmirlər. Amma mən Gəmidə Sərhəd Qoşunlarında xidmət etmişəm, hərbi ixtisasım var.

1993-cü ildə hərbi xidmətdə olmuşam. Andiçmədə iştirak etmişəm, 2 ay təlimlərdə olmuşam, silahın sökülüb-yığılmasını öyrənmişəm.

Sonradan komanda geri qaytardı. İstənilən halda hərbi biletim var və orduya yararlı hesab olunuram. Görək də, görək nə olur. Allah hamımızın köməyi olsun!”

1973-cü ildə Bakıda anadan olan Emin Ağayev karyerasının ilk illərində “Termist”lə “Neftçi”də oynayıb.

1993-cü ildə Rusiya karyerasına “Anji”də start verən sol cinah yarımmüdafiəçisi sonradan “Torpedo-ZİL”, “Ximki”, “Baltika”, “Dinamo” (Bryansk), “Nosta” və “Volqa”nın (Tver) uğurları üçün tər töküb.

1994-2005-ci illər aralığında Azərbaycan millisində 65 oyun keçirib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti