O, İrəvana getməyib: Qarabağda nələr dəyişir?

16 Yanvar 2022 03:00 Hadisə 915
O, İrəvana getməyib: Qarabağda nələr dəyişir?

Ermənistanın Qarabağda tərəf olmaqdan çıxarılması prosesi başlanıb?

- Rusiya Qarabağı Azərbaycanın daxili məsələsi olaraq qəbul edir?

Qarabağda Rusiya sülhməramlılarının yeni komandanı Andrey Volkovun təyinatından sonra diqqət çəkən iki məqam bu sualları önə çıxarır.

Birincisi: Volkov sələflərindən (Rüstəm Muradov, Mixail Kosobokov, Gennadi Anaşkin) fərqli olaraq, ilk səfərini Bakıya etdi və Müdafiə naziri Zakir Həsənov tərəfindən qəbul edildi: onun sələfləri ilk səfərlərini İrəvana edir və Ermənistan müdafiə naziri ilə görüşürdü;

İkincisi: Volkovun təyinatından iki gün keçməsinə baxmayaraq, onun Ermənistana səfəri və bu ölkənin müdafiə naziri ilə görüşü haqda heç bir məlumat yoxdur;

Yeni komandanın Ermənistana səfər edəcəyi, yaxud bu ölkənin rəsmiləri ilə görüşünün nəzərdə tutulduğuna dair hələ də heç bir məlumat yoxdur.

Bu detal “Ermənistanın Qarabağda tərəf olmaqdan çıxması, Rusiyanın Qarabağı Azərbaycanın daxili məsələsi kimi qəbul etdiyi” fikrini gücləndirir.

Ötən ilin sonlarından baş verən iki hadisə də bu ehtimalı gücləndirən məqamlardandır:

- Soçidə sərhədlərin delimitasiya və demarkasiyası üzrə razılaşma əldə olundu: razılaşmanın praktiki mərhələyə keçidi üçün yaxın dövrdə addımların atılacağı gözlənilir və bu o deməkdir ki, Azərbaycan sərhədlərini tanıyacaq Ermənistanın Qarabağda tərəf olması perspektivini də sıradan çıxaracaq;

- Nikol Paşinyan ilin sonunda “Qarabağın statusu Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir” açıqlaması ilə oyundan çəkiləcəyinin anonsunu verdi;

Bu proseslər fonunda Volkovun Ermənistana getməməsi (hələ ki, bu, baş verməyib) təsadüfi deyil. Diqqət çəkən məqamlardan biri də Volkovun təyinatından bir gün sonra Putinlə Paşinyan arasında telefon söhbətinin aparılması və Qarabağın da müzakirə edilməsidir: mümkündür ki, Putin Qarabağdakı yeni vəziyyəti Paşinyana izah edib;

Prosesin bu istiqamətdə inkişafı erməni qoşunların yaxın dövrdə Azərbaycan ərazisindən çıxarılması (10 noyabr razılaşması, 4-cü bənd) prosesinin də başlaya biləcəyi ehtimalını artırır. Sərhədlərin müəyyənləşməsi məsələsində əsas zərurətlərdən biri də budur.

Asif Nərimanlı

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”