
Dünən "Legiya" Mahir Emreli ilə bağlı məlumat yayıb.
Varşava təmsilçisi 24 yaşlı hücumçudan götürülmüş 3-cü analizin nəticəsinin də mənfi çıxdığını açıqlayıb.
Tezliklə komanda ilə məşqlərə qoşulacaq forvardın "Lex"ə qarşı çempionat matçında oynayacağı bildirilib. Oktyabrın 17-də keçiriləcək "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Daha əvvəl AFFA Emrelinin Serbiyaya qarşı DÇ-2022-nin seçmə oyunundan (1:3) əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlayıb.
Varşava təmsilçisinin mətbuat xidmətinin rəhbəri İzabela Kruq ikinci testin mənfi olduğunu diqqətə çatdırıb.
Mahir Azərbaycan millisinin Serbiyaya 1:3 hesabı ilə uduzduğu matçı tribunadan izləyib. Halbuki AFFA qarşılaşmadan saatlar öncə növbəti dəfə açıqlama yayaraq, Mahirin son durumu ilə bağlı UEFA-nı məlumatlandırdığını bəyan etmişdi.
Bildirilmişdi ki, hücumçunun son 24 saat ərzində COVID-19 testlərinin fərqli nəticələri ilə bağlı Avropa futbol qurumuna bilgi verilib. Bu, o deməkdir ki, federasiya adıçəkilən forvardın Belqrada meydana çıxmasına cəhd göstərib.
Bəs niyə onun adı iştirak ərizəsinə daxil edilməyib? Səbəbkar UEFA-dır. Qurum risk ehtimalını əsas götürərək, Mahirin oktyabrın 12-də forma geyinməsinə icazə verməyib.
Digər tərəfdən, Canni De Byazi də sabiq "Qarabağ"lıya etimad göstərmək istəməyib.
Baş məşqçi DÇ-2022-nin seçmə mərhələsində qol hesabını aça bilməyən Emreliyə inamsıız yanaşma sərgiləyib, hətta matçdan 1 gün əvvəl keçirilən iclasda bunu ona irad olaraq xatırladıb.
İtalyan çalışdırıcı AFFA rəsmiləri ilə görüşündə də bu məqama diqqət çəkib, hücumçunun bütün fikrini "Legiya"ya yönəltdiyini, millidə isə özünü zədədən qoruyaraq oynadığını, ikili mübarizələrdən çəkindiyini, bir sözlə, istəyinin az olmasını iddia edib.
SPORTİNFO.AZ