
"Hələlik normal həyata qayıtmamışıq. Amma buna çox yaxınıq.
Restoranlar, barlar və ekskursiya mərkəzləri açıqdır, stadionlarda maska taxmaq məcburiyyəti yoxdur".
Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "The İndependent" nəşrinə açıqlamasında AVRO-2020 öncəsi Bakıda koronavirus pandemiyası ilə bağlı ümumi vəziyyət barədə danışarkən deyib.
Milli assosiasiya rəsmisi bildirib ki, əcnəbi azarkeşlərin viza ala bilməsi üçün COVID-19-a dair PCR testinin neqativ olması kifayət edir:
"Ölkəyə gələn fanatlara karantin tətbiq edilməyəcək. Əminik ki, tərəfdarlar üçün təhlükəsizlik yüksək səviyyədə olacaq.
Hətta yoluxma riskini minimuma endirmək üçün "Fan-zonalar" təşkil etmədik. Futbol Avropa çempionatına ev sahibliyi edəcək 11 şəhərin normal həyat tərzinə qayıdacağına ümid verir".
Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.